“Beşiktaş”da dörd yeni müqavilə
Türkiyənin “Beşiktaş” klubu dörd futbolçusu ilə müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Türkiyə çempionu Atiba Hatçinson, Necip Uysal, Gökhan Töre və Utku Yuvakuran ilə yeni müqavilə bağlayıb. Hatçinson və Töre 1, Uysal 2, Yuvakuran isə 3 illik sözləşməyə imza atıb.
Atiba Hatçinson 2013-cü ildən “Beşiktaş”ın uğurları üçün çalışır. 38 yaşlı kanadalı yarımmüdafiəçi, İstanbul təmsilçisinin heyətində 300-ə yaxın oyuna çıxıb, 23 qol vurub.
Necip Uysal “Beşiktaş”ın öz yetirməsidir. 30 yaşlı futbolçu karyerası ərzində yalnız “qara qartallar”ın uğurları üçün çalışıb. Türkiyə millisində də oynamış yarımmüdafiəçi, İstanbul təmsilçisi ilə 362 matça çıxıb, bu oyunlarda 6 qolla yadda qalıb.
Gökhan Töre ötən ilin yayında “Beşiktaş”a qoşulub. Türkiyə millisinin sabiq yarımmüdafiəçisi 2013-2019-cu illərdə də İstanbul təmsilçisində oynayıb. 29 yaşlı futbolçu bu komandanın forması ilə bütövlükdə 150-yə yaxın matçın iştirakçısı olub.
Utku Yuvakuran isə 2016-cı ildən “Beşiktaş”dadır. 23 yaşlı qapıçı indiyə qədər 20 rəsmi matçda bu komandanın formasını geyinib.
Bizi Facebook-da izləyin