“Beşiktaş”da daha bir ciddi itki
Türkiyənin “Beşiktaş” komandası daha bir itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin mərkəz müdafiəçisi Velinton Silva zədələnib.
Braziliyalı futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşdıqları “Borussiya” (Dortmund, Almaniya) ilə oyunda sıradan çıxıb.
Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb. 32 yaşlı oyunçunun sol dizindəki zədə səbəbindən azı iki həftə məcburi istirahət edəcəyi diqqətə çatdırılıb.
Türkiyə çempionunun heyətində Umut Meraş, Kevin Nkudu, Aleks Teyşeyra və Domaqoy Vida da zədədən əziyyət çəkir.
Velinton İstanbul təmsilçisinin heyətində bu mövsüm 5 oyuna çıxıb.
“Beşiktaş” “Borussiya” ilə ev oyunundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Bizi Facebook-da izləyin