“Belə oyunlarda xarakter lazım olur” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Hər iki komandaya təşəkkür edirəm. Azarkeşlər üçün çox yaxşı oyun göstərdilər, yaxşı mübarizə var idi. Hər iki komanda çox istəkli idi. Futbolçularıma da ayrıca təşəkkür edirəm ki, xarakter göstərdilər, oyundan qopmadılar, bütün fikirləri oyunda oldu. Vacib oyun idi. İstəyirdik ki, tsikli qələbə ilə başa vuraq. Bu da alındı. Bu stadionda oynamaq həmişə mən və futbolçular üçün çox xoşdur. Yaxşı atmosfer olur həmişə. Əsasən də “Neftçi” – “Qarabağ” matçlarında.
Gərgin deyildim, oyunun içində idim. Qarşılaşmada olan notlardır. Belə oyunda bəsit qərarlar olmaz. Ofsayd epizodunda gördüm ki, yox idi. Belə epizodları sona qədər buraxırlar. VAR var axı. O epizoda fikrimi bildirdim.
İlk dəqiqələrdən bəzi oyunçular oyuna çətin girdilər, 10-15 dəqiqə daha rahat oynadılar. Heç üç sutka keçməmişdi “Hakken”lə görüşdən. Narahatlığım da var idi. Bakıda oynasaydıq, daha rahat olardı. Gecəni yolda olduq. Belə oyunlarda xarakter lazım idi. Yorğunluğu beynindən atmaq, özünü məcbur etmək lazımdır. Futbolçuların hazırlığı son vaxtlarda yaxşı səviyyəyə qalxıb. Sağ olsunlar, həqiqətən sona kimi dinamikanı qoruyub-saxladılar. Sona yaxın oyun bəlkə çox da baxımlı olmadı. Amma hər halda futbolçularım yorğunluğa baxmayaraq, xarakter göstərdilər.
Qarşıdakı fasilə bəzi oyunçulara yaxşı təsir edəcək, bəzilərinə pis. Burada qalanlara 3 gün istirahət verəcəyik ki, fiziki və psixoloji yorğunluqları arxada qalsın. Ancaq millidə oynayanlarımız var. Leo və Patrikin oyunu ayın 17-dədir. Halbuki, 21-də səfər oyunumuz var. Onların da səfər matçları haralardadır, bilirsiniz. İkinci oyunları Fransadadır, Avropadır. İstirahət mütləq lazımdır. Hər bir halda milliyə gedir, öz millisi üçün ən yaxşısını etməlidir. Gərginliyə və oyunlara dözməlidirlər.
Bəhlul dünən yüngül yürüyüş, qaçış etdi. Sınığı var idi. Tez bərpa olunan məsələ deyil. Belə zədələrdən sonra məşqlərə başlayanda ağrılar çoxalır. Bədavidə birinci dərəcəli dartılma var. 10 gün komanda ilə olmayacaq”.
Bizi Facebook-da izləyin