“Bayer”lə Bakıdakı matçda nəticə qazanacağımıza inanırdım” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Bakıda Almaniyanın “Bayer” komandasına qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:2 hesablı heç-heçəyə dair bunları dilə gətirib:

“Azarkeşlərə təşəkkür edirəm. Bu gün əsl futbol ab-havası var idi. Oyunçulara da minnətdarlığımı bildirirəm. Görüşün sonlarında futbolçularda yorğunluq hiss olunurdu. Qələbə də qazana bilərdik. Avropa ölkələrində rəhbərlər, futbolçular dəyişir, amma mexanizm davam edir. Bu. önəmlidir. Bizim üçün asan deyil. Daha möhkəm olmaq üçün atacağımız addımlar vacibdir. Hər halda, Almaniya futbolu bu gün bizdən öndədir. 10-15 ildən sonra hansısa nəticəni verə bilərik. Məncə, ölkələri müqayisə etməyək, işimizi yaxşılaşdırmağa çalışaq”.

Baş məşqçi məyus olmadığını vurğulayıb: “Səfərdəki matça daha ciddi hazırlaşmalıyıq. Oyunçuların daha sağlam və hazırlıqlı olması önəmlidir. Böyük uğurlar üçün nəhəng klublara da qalib gəlmək lazımdır. Hardasa bu səviyyəyə yaxınlaşa biləcəyik”.

Qurbanov səfərə ümidsiz getməyəcəklərini sözlərinə əlavə edib: “Bəlkə də oyundan əvvəl ən çox inamlı olan mən idim. Bu rəqibə qarşı Bakıda nəticə qazanacağımıza inanırdım. Komandanı daha yaxşı mübarizə üçün hazırlayacağam. Amma nəzərə almalıyıq ki, Almaniya komandaları heç bir matçda meydana rahat çıxmırlar”.

Təcrübəli mütəxəssis bu görüşdə zədələnən Olavio Juninyonun durumunun ciddi ola biləcəyini deyib. O, hücumçunun vəziyyətinin sabah dəqiqləşəcəyini söyləyib.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button