“Baş məşqçi kimin hansı səviyyədə olduğunu gördü” – “Kəpəz”in kapitanı
“Sevindirici məqamdır ki, “Kəpəz” yenidən futbolumuzun elitasında çıxış etməyə başladı. Bunun daimi olması arzulanandır. Komanda həmişə yaxşı yerlərdə mübarizə aparsın”.
Komanda.az xəbər verir ki, bunu “Kəpəz”in kapitanı Tural Axundov “sarı-göylər”in 4 illik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıtması barədə klubun rəsmi saytına açıqlamasında deyib.
Birinci turda “Dalğa Arena”da “Zirə”yə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edən 34 yaşlı müdafiəçi, çempionatda ilk görüşlərin həmişə çətin olduğunu bildirib:
“Oyun yaxşı alındı. Qələbə də qazana bilərdik, heç-heçənin olması da mümkün idi. Çalışacağıq ki, növbəti görüşlərdə azarkeşlərimizi sevindirək. Nəticələrimizin yaxşı olması üçün maksimum bacarığımızı ortaya qoyacağıq”.
Axundov “Zirə” ilə matçda sərfəli nəticə qazanmaq üçün çox çalışdıqlarını söyləyib:
“Hesab 1:1 olanda qol da vurduq. Amma ofsayd olduğundan qol qeydə alınmadı. Hesab başqa cür də ola bilərdi. Komanda yeni yığılıb. Əslində qələbə qazanmaq üçün alışıb-yanırdıq. Ona görə də irəli atıldıq, amma öz qapımızdan qol buraxdıq. Çox məyus olmuşduq”.
Axundov bu məğlubiyyətin komandaya dərs olduğunu vurğulayıb:
“Çatışmayan cəhətlərimizin üzərində çalışıb nöqsanları aradan qaldıracağıq. Baş məşqçimiz də kimin hansı səviyyədə olduğunu gördü. Zəif yerlərimizi gücləndirməliyik. Hamımız əl-ələ verib bir olmalı və komanda olaraq daha yaxşı şəkildə mübarizə aparmalıyıq”.
Beş ildən sonra “Kəpəz”i kapitan kimi meydana çıxaran futbolçu bu barədə də danışıb:
“Kapitanlıq əlavə məsuliyyət deməkdir. Həm meydanda, həm də ondan kənarda. Kapitan hər yerdə ən yaxşı tərəfdən özünü göstərməlidir. Sarğı qolumda olduğu üçün oyunda yaxşı hisslər keçirdim. Mənə etimad göstərən klub rəhbərliyinə, məşqçilərə minnətdarlığımı bildirirəm. Çalışacam ki, kapitanlığın haqqını verim”.
Bizi Facebook-da izləyin