Azərbaycan komandalarının Avropa Liqasından imtina səbəbi açıqlandı

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov milli komandaların Avropa Liqasından imtina etməsinin səbəblərini açıqlayıb.

Komanda.az xəbər verir ki, AVF-nin mətbuat xidmətinə danışan Xəlilov, hazırda Avropa ölkələrinə səfər edərkən hava yollarında bəzi çətinliklərin yarandığını bildirib.

O bildirib ki, uçuşlar Türkiyə üzərindən həyata keçiridiyi üçün bəzən biletlərin alınmasında problemlər yaranır:

“Həmçinin, oyunlar arasında da çox az vaxt var. Düşünürəm ki, Avropa Liqası turnir şəklində təşkil olunsaydı, bu, iştirakçı komandalar üçün daha əlverişli olardı”.

Baş katibin sözlərinə görə, imtina səbəbindən Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan yığmalarını yarış iştirakçıları siyahısından çıxarıb:

“May-iyun aylarında qadın voleybolçulardan ibarət millimizin Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamızın isə Gümüş Avropa Liqasında iştirakı nəzərdə tutulmuşdu. Artıq komandalarımızın rəqibləri və oyunların təqvimi də müəyyənləşmişdi. Bir neçə gün əvvəl AVF CEV-ə rəsmi formada milli komandalarımızın Avropa Liqasında iştirak etməyəcəkləri ilə bağlı müraciət etdi. Bundan sonra CEV komandalarımızı iştirakçı siyahısından çıxardı. Açığı, imtina etməzdən əvvəl müraciət zamanı təklif etdik ki, yarışı turnir formasında təşkil etsinlər. Bir neçə ildir Avropa Liqası ev-səfər sistemi ilə keçirilir, əvvəllər isə oyunlar turnir formasında təşkil olunurdu. Amma bu təklifimizə rəd cavabı gəldi və bildirildi ki, reqlamentdə dəyişiklik edə bilməzlər. Nəzərinizə çatdırım ki, AVF-nin hər zaman CEV-lə çox yaxşı münasibəti olub”.

AVF rəsmisi, imtinanın maliyyə problemlərinə görə baş verdiyinə dair iddiaları təkzib edib:

“Hazırda federasiyamızda maliyyə ilə bağlı bir problemimiz yoxdur. Yəni iştirak etməmək üçün digər səbəblərimiz var. Bunlardan biri haqqında bir az əvvəl danışdım. Digər səbəblərdən biri bu yarışın kommersiya xarakterli olmasıdır. Ən vacib səbəbimiz isə oyunçularımızla bağlıdır. Hər zaman çalışmışıq ki, oyunçularımız klub mövsümündən sonra zədələrini müalicə etsinlər və daha yaxşı formada milli komandanın məşqlərinə qatılsınlar. Aprel və mayda klub mövsümü başa çatır. Millimizin əksər oyunçuları hazırda xarici klublarda çıxış edirlər. Xarici ölkə çempionatları bitdikdən az müddət sonra başlayacaq bu yarışa komandamız tam hazırlıqlı yollana bilməyəcək. Voleybolçularımızın mövsüm boyu aldıqları zədələr səbəbindən bərpaya ehtiyacları olacaq. Qarşıda bizi daha güclü yarışlar gözləyir və oyunçlarımız ağır mövsümdən sonra bir qədər istirahət etməli, bərpa prosesi keçməlidirlər”.

Xəlilov, federasiyanın qarşıdakı planlarından da danışıb:

“Bu gün AVF-nin əsas məqsədi gənc oyunçuların yetişdirilməsi, onların sağlamlığı və qarşıdakı yarışlarda yüksək nəticələr əldə etməsidir. Bu ayın sonunda ölkə çempionatının Yüksək və Super Liqa yarışları başa çatır. Ardınca milli komandaların təlim-məşq toplantılarına start veriləcək. Həm qadın, həm də kişilərdən ibarət milli komandalarımızın təlim-məşq toplantıları və iştirak edəcəkləri turnirlərlə bağlı bir neçə federasiya ilə danışıqlar aparılır və bu istiqamətdə lazımı işlər görülür. Qeyd edim ki, avqust və sentyabr aylarında milli komandalarımız Avropa çempionatının təsnifat mərhələsində və İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər. Federasiya prezidenti Cavid Qurbanov iclaslarda milli komandalarımızın qarşıdakı Avropa çempionatının təsnifat mərhələsində və İslam Həmrəyliyi Oyunlarında iştirakının vacibliyini deyib, bu yarışlara hazırlıq prosesi üçün lazımı şəraitin yaradılmasına tapşırıq verib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button