“Heç bir rəqibdən çəkinmirik” – Azərbaycan millisinin üzvü
Bakıda təlim-məşq toplanışına start verən futzal üzrə Azərbaycan millisinin üzvü Vassoura Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
Komanda.az həmin müsahibəni təqdim edir:
- Bir neçə gün əvvəl “Sporting Paris” klubu ilə müqavilə imzaladın. Buna qədər hansı komandada çıxış edirdin?
- Ötən ilin martında millinin seçmə mərhələsinin oyunlarından sonra Braziliyaya döndüm. Orada bir klubla anlaşdım, amma bu qısamüddətli oldu. Daha sonra “futbol 7×7” turnirinə qatıldım. Braziliya millisinin heyətində dünya çempionu olduq. Ötən həftə isə “Sporting Paris” klubu ilə müqavilə imzaladım. Bilirsiniz ki, millinin digər üzvü Fineo De Araujo da həmin klubda çıxış edir. Onu da deyim ki, adaptasiya üçün mənə əlavə vaxt lazım deyil. Çünki təcrübəm bunun öhdəsindən asanlıqla gələcəyimə təminat verir. Vassoura meydandadırsa, işinin öhdəsindən gələcək.
- Komandanın məqsədi nədir?
- Bu klub hazırda Fransa çempionatının Birinci Liqasında iştirak edir və liderdir. Məqsədləri üst liqaya vəsiqə qazanmaqdır. Onu da deyim ki, rəqabət böyükdür. Hətta məşhur portuqaliyalı futzalçı Rikardinyo da bu liqada iştirak edir. Mövsümün sonunda çempionluq kubokunu başımız üzərinə qaldırmaq istəyirik. Yaxşı baş məşqçimiz, infrastrukturumuz var.
- Debüt etmək imkanın oldu?
- Yox, oyuna çıxmadım. Amma 3-4 məşqdə iştirak etdim. Cəmi 1 həftə əvvəl komandaya qoşulmuşam. Millinin oyunlarından sonra debüt edəcəm.
- Gələk milli komandaya. Bu gün ilk məşqini keçirdin komanda ilə birgə. Milli final mərhələsinə nə dərəcədə hazırdır?
- Toplanış bu gün başladı. Səhərə yaxın Bakıya çatmışam. Əlbəttə, ilk məşq hər zaman çətin olur. Çalışırıq ki, hər məşqdən maksimum faydalanaq. Vaxtımız çox azdır. Bir həftəyə yaxın Bakıda hazırlıq keçəcəyik. Daha sonra Belçikaya gedəcəyik və orada bir yoldaşlıq matçında gücümüzü sınayacağıq. Həmin görüş rəsmi oyunlara nə dərəcədə hazır olduğumuzu göstərəcək. Yenə deyirəm, qalan vaxt çox azdır. Alesionun istəyini yerinə yetirmək üçün 2-3 həftə məşq etmək lazımdır. İndi bizim buna imkanımız yoxdur.
- Final mərhələsindəki rəqiblərimiz haqda nə düşünürsən?
- Çox çətin qrupda yer almışıq. İspaniya haqda danışmaq artıqdır. Ancaq onlara qarşı da mübarizəmizi apracağıq. İspanlar futzalda hegemon olsalar da, biz heç bir rəqibdən çəkinmirik. Gürcüstan indi-indi bu cür turnirə qatılır.
- Qrupda “Kilid oyun” hansını hesab edirsən?
- İlk oyun çox vacibdir. Gürcüstanla matçda mütləq qələbə qazanmalıyıq. Onların heyətində də yeni futzalçılar var.
- Rəqiblərimizdən Gürcüstan və Bosniya və Herseqovina final mərhələsinin debütantlarındandır..
- Bu cür yarışlarda bizim təcrübəmiz daha çoxdur. Artıq 6-cı dəfə final mərhələsində iştirak edəcəyik. Onlar isə ilk dəfə belə yarışa çıxacaqlar. Təcrübəmiz çox olsa da, bu hər şey demək deyil. Yadınıza gəlirsə, millimiz ən yaxşı nəticəsini məhz debüt ilində qazanmışdı. İnanıram ki, 2022-ci il Azərbaycan futzalı üçün əlamətdar olacaq. Nəticəmizi yaxşılaşdıracağıq. Məqsədimiz yarışın son gününə qədər orada qalmaqdır. Özümü buna hazır sayıram.
- Ukrayna ilə oyunları necə, izləmisən?
- Ukrayna Avropanın yaxşı komandalarından biridir. İllərdir bir kollektivdə çıxış edirlər. Bizim isə hazırlaşmaq üçün vaxtımız az oldu. Ölkə xaricində çıxış edən legionerlər cəmi 2 gün əvvəl Bakıya gələ bildilər. Bu cür məqamlar həlledici olur. Allahın köməkliyi ilə Niderlanda fiziki, taktiki və texniki baxımdan hazır yollanacağıq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin