Azərbaycanın daha bir boksçusu DÇ-də 1/4 finala yüksəldi
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında 1/8 final mərhələsinin keçirilir.
Komanda.az xəbər verir ki, mərhələnin ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Monqolustanlı Enxmandağ Xarxuunu mübarizədən kənarlaşdıran Məsud Yusifzadə (51 kq) bu gün 1/8 finalda puerto-rikolu Yankiel Rivera ilə döyüşüb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saengfetə qarşı keçirəcək.
1/16 finalda Soma Mesterə (Macarıstan) qalib gələn Mirşərif Kazımzadə (75 kq) ikinci sınağında Səidcəmşid Cəfərovla (Özbəkistan) gücünü yoxlayıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından boksçumuz dünya çempionatında çıxışını dayandırıb.
Sabah baş tutacaq 1/4 finalda Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq. Yusifzadədən başqa, Sərxan Əliyev (71 kq) Obed Bartilə (ABŞ), Alfonso Dominqes (86 kq) Şarabutdin Atayevlə (Rusiya) və Məhəmməd Abdullayev (+92 kq) Narenderlə (Hindistan) münasibətinə aydınlıq gətirəcək.
Bizi Facebook-da izləyin