Azərbaycanın 3 boksçusu AÇ-nin yarımfinalında
Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri başa çatıb.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin 3 üzvü yarışın yarımfinal mərhələsinə vəsiqə əldə edib.
Baş məşqçi Vaqif Şirinovun komandasından Rüfət Hüseynov (49 kq) Attila Bernatla (Macarıstan) qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (29:27, *28:28, *28:28, *28:28, 29:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Rusiya idmançısı Volodya Mnatsakanyanla döyüşəcək. Qarşılaşma martın 15-də olacaq.
Cəbrayıl Yelekov (81 kq) da 1/4 finaldakı çıxışını qələbə ilə bitirib. O, bu dəfə Kristin Nikolovu (Bolqarıstan) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27). Təmsilçimiz final üçün Aleksandr Poxrebnyakla (Ukrayna) gücünü yoxlayacaq. Bu görüş martın 16-na təsadüf edəcək.
Həmin gün yığmamızın digər üzvü Məhmməd Abdullayev (+91 kq) də rinqə çıxacaq. O, 1/4 finalda Vladislav Muravinə (Rusiya) 5:0 (30:27, 29:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Həmyerlimiz yarımfinalda xorvatiyalı Luka Pratlyaçiçlə qarşılaşacaq.
Bu boksçulardan fərqli, Ruslan Rüstəmov (60 kq) 1/4 final səddini keçə bilməyib. Təmsilçimiz Dmitri Tsaşkeviçlə (Belarus) gərgin keçən döyüşdən 2:3 (28:29, 29:28, 29:28, 27:30, 28:29) hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə o, çempionatı 5-ci pillədə başa vurub.
Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün ən azı bürünc medalı təmin ediblər. Bu gün isə Avropa çempionatında istirahət günüdü.
Bizi Facebook-da izləyin