Azərbaycan karateçiləri AÇ-ni 8 medalla başa vurdular

Azərbaycan karateçiləri Macarıstanda Yeniyetmə və Gənclərin növbəti Avropa çempionatını 8 medalla başa vurublar.

Komanda.az xəbər verir ki, mötəbər yarışın son günü daha 2 bürünc mükafata sahib olan milli komandamız, ötən illərdəki statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıb.

18-21 yaşlı gənclər arasında üçüncü yeri tutan Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq, hər iksinin şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medalların sayını üçə çatdırıblar.

Xatırladaq ki, çempionatın əvvəlki günlərində 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (-76 kq, şəxsi məşqçisi Namiq Priverdiyev) və Osman Osmanlının (+76 kq, şəxsi məşqçisi Rövşən Allahverdiyev) Avropa çempionluğu, Ayla Rzazadənin (-59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş medala, Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc mükafata sahib olması, həmçinin bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) birinci yerə çıxması ötən rekordları yeniləyib.

Tale Yaqubov (-68 kq, şəxsi məşqçisi Cahangir Babayev), Hümmət Baxşəliyev (-67 kq, şəxsi məşqçisi Vüqar Hüseynov), Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) bürünc medal uğrunda həlledici görüşdə məğlub olublar. Murad Hacızadənin (+84 kq) təsəlliverici döyüşdə hakim qərəzliyi idmançımızın məğlubiyyətinə səbəb olub.

Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Anar Allahverdiyev və kişilərdən ibarət milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin rəhbərliyi ilə Avropa çempionatında çıxış edən Azərbaycan karateçiləri 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 52 ölkə arasında 3-cü pilləni tutaraq, bu yaş qruplarının tarixində ən yüksək nəticə göstərib.

52 ölkədən 1155 idmançı qatıldığı Yeniyetmə və Gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatını idarə edən hakimlər arasında beynəlxalq referilər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıları mükafatlandırma mərasimində iştirak edib.

Yeniyetmə və gənclərin növbəti Avropa çempionatı Polşada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button