Azərbaycan cüdoçularından Gürcüstanda ikinci medal

Azərbaycan cüdoçusu Murad Fətiyev Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Böyük Dəbilqə” yarışında bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, yarışa 1/32 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Din Gemer (İsrail), Xose Mendiola (İspaniya) və Əbdülrəhman Məhəmmədi (Misir) mübarizədən kənarlaşdırıb.

O, 1/4 finalda Toto Qriqalaşvili (Gürcüstan) ilə dueldən məğlub ayrılıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız təsəlliverici qarşılaşmada Portuqaliyanı təmsil edən Anri Egutidze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Fətiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Zədəli olan kanadalı rəqibi Antuan Valya-Fortye tatamiyə çıxmadığı üçün Murad Fətiyev qalib elan edilib. Beləliklə 3-cü yeri tutan Azərbaycan cüdoçusu Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb.

81 kq-dakı digər cüdoçumuz Zelim Tskayev 1/32 finalda Kenni Bedelə qalib gəlib, növbəti raundda Dorin Qotonoaqaya (Moldova) uduzub.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal əldə edib.

“Böyük Dəbilqə”yə martın 28-də yekun vurulacaq. Milli komandamız turnirdə 11 cüdoçu ilə təmsil olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button