Azərbaycan çempionatlarında mövsümə yekun vuruldu

Voleybol üzrə Azərbaycan çempionatı başa çatıb.

Komanda.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində ölkə birinciliyinin son matçları keçirilib.

“Neftçi” üçüncülük mübarizəsində son görüşdə də MOİK klubuna qalib gələrək bürünc medala sahib çıxıb. “Murov” isə finalın son qarşılaşmasında “Xarı bülbül” klubunu məğlub edərək çempion adını qazanıb.

Oyunlardan sonra mükafatlandırma və çempionatın bağlanış mərasimi baş tutub. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri Günay Salamova, Elqar Bağırov, İlqar Nuriyev, AVF nəzarət təftiş komissiyasının sədri Nazim Axundov iştirak ediblər.

Çıxış edən Faiq Qarayev müəyyən səbəblərdən tədbirdə iştirak edə bilməyən AVF-nin prezidenti Şahin Bağırovun salamını və təbriklərini çatdırıb. F.Qarayev bəzi çətinliklərə baxmayaraq, çempionatın yüksək səviyyədə keçirildiyini deyib. O, mövsümün əvvəlindən sonunadək birinciliyin təşkilində əməyi keçən hər kəsə, federasiyasının bütün əməkdaşlarına, eləcə də oyunları işıqlandıran media nümayəndələrinə və voleybolçulara hər zaman dəstək olan azarkeşlərə təşəkkürünü bildirib.

Vitse-prezident bu il çempionatda yeni klubun – “Xarı bülbül” klubunun iştirak etdiyini, debüt ilindəcə fəxri kürsüyə yüksəldiyini deyib, komandanın prezidenti Fatimə Hacıyeva başda olmaqla bütün kollektivini təbrik edib. O, növbəti mövsümlərdə də yeni klubların yaranacağına, ölkə birinciliyində daha çox komandanın iştirak edəcəyinə ümidini bildirib. Faiq Qarayev qalibləri bir daha təbrik edib, qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Sonra çempionatın yeddi nominasiya üzrə ən yaxşı oyunçuları seçilib və mükafatlandırılıb. Ardından qadınların Yüksək Liqasının mükafatçılarına – “Azərreyl”ə qızıl, “Abşeron”a gümüş, “Murov”a isə bürünc, kişilərin Yüksək Liqasında çempion olmuş “Murov”a qızıl, “Xari bülbül”ə gümüş, “Neftçi”yə isə bürünc medallar təqdim olunub. Medalları, diplomları və kubokları vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və AVF-nin rəsmiləri təqdim ediblər.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və ölkə çempionatı bağlı elan olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button