“Azərbaycan Avropadakı bir çox ölkədən daha yaxşıdır” – “Qarabağ”ın legioneri
“Qarabağ”ın braziliyalı futbolçusu Julio Romao “Globo” nəşrinə müsahibə verib.
Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Qarabağ”dakı çıxışından və komandanın UEFA Avropa Liqasındakı nəticələrindən danışıb:
“Bayer”ə qarşı iki möhtəşəm oyun keçirdik və düşünürəm ki, bundan sonra insanlar “Qarabağ”a fərqli baxmağa başladılar. Gənc olanda topla daha çox oynayırdım, müdafiəyəmeyilli yarımmüdafiəçi deyildim. Amma Portuqaliyada daha geridə oynamağa uyğunlaşdım və bu, “Qarabağ”dakı çıxışım zamanı mənə çox kömək etdi”.
O, Azərbaycan çempionatı haqda da fikirlərini bildirib:
“Gələndə dedilər ki, oyunlar çox ağır keçir. “Qarabağ” uzun illərdir çempiondur. Məşqçi xeyli müddətdir komandadadır, klubun fəlsəfəsi dəyişmir. Az oyunçu gedir və bu da komandanın performansını qoruyub saxlamasına səbəb olur. Amma Azərbaycan çempionatı çətindir. Çünki rəqiblər bizə qarşı fərqli hazırlaşırlar. Çox mürəkkəb oyunlar var, rəqiblər artıq bizi tanıyırlar. Avropa Liqasında isə komandalar ya eyni, ya da bir az yüksək səviyyədədir”.
Futbolçu Azərbaycanla bağlı təəssüratlarını bölüşüb:
“Portuqaliya çempionatına uyğunlaşmaq asan idi, eyni dildə danışırdıq. Azərbaycanda insanlar, mədəniyyət, iqlim – hər şey tam fərqlidir. Ən çox diqqətimi çəkən insanların mənə münasibəti oldu, çox yaxşı qarşıladılar. Gəlməmişdən əvvəl tərəddüd edirdim, amma şəhəri görəndə heyran oldum. Görməli çox yer var, ailəmi də gətirmişəm və hamı buranı bəyənir. Azərbaycan Avropadakı bir çox ölkədən daha yaxşıdır. Təhlükəsizlik yüksək səviyyədədir, burada həqiqətən şikayət edəcəyim heç bir şey yoxdur”.
Bizi Facebook-da izləyin