“Azlıqda qalmağımızın təsiri çox oldu”
Latviyanın RFS komandasının baş məşqçisi Viktor Moroz Bakıda “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Mübarizəni dayandırdıq, rəqib yoluna davam edir. Təbrik edirəm. Hər iki komanda döyüşkən oyun sərgilədi. Bəzən yaxşı oynasan da, məğlub olursan. Qırmızı vərəqən sonra planlarımız dəyişdi. Buna baxmayaraq, qol vura bildik. Daha birini vurmaq istəyirdik, alınmadı. Rəqibin imkanları daha çox oldu. Komandamla fəxr edirəm”.
O, meydana aqressiv çıxmalarının ilk görüşdəki məğlubiyyətlə bağlı olduğunu söyləyib: “İstəmədiyimiz nəticə idi və daha yaxşı oynamalı idik. Lakin alınmadı. Oyunda çoxlu epizodlar oldu, hər iki komanda aqressiv idi. Bura nəticə əldə etmək üçün gəlmişdik və nə lazım idisə etməliydik. Göstərdik ki, qonaq kimi gəlməmişik. Rəqib hesabı saxlamağa meyilli görünürdü. Düşünürəm ki, bəxtimiz gətirmədi. “Sabah”a növbəti oyunlarda uğurlar arzu edirəm”.
Baş məşqçi “Faciənin başlanğıcı sizin, yoxsa oyunçunuzun qırmızı vərəqə alması idi” sualına belə cavab verib: “Buna fikir bildirmək asan deyil. 11 futbolçu ilə oynayanda daha rahat olursan. Futbolçumuzun qovulması məni özümdən çıxardı. Ona barmaqla “Əla” işarəsi göstərdim, amma səhv başa düşdü. Qovulmağımın çox təsiri olmadı. Köməkçilərim oyunu idarə edə bildilər. Azlıqda qalmağımızın təsiri çox oldu”.
Bizi Facebook-da izləyin