“Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi” – Qurban Qurbanov
“Televiziya qarşısında fərqli görünə bilərdi, ancaq canlı tam başqa idi. Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi. Gərginlik həddindən artıq hiss olunurdu”.
Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin oyunundan sonra Heydər Əliyev Beynəlxalq aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O, təzyiqlərə baxmayaraq, oyunçuların çox peşəkar və soyuqqanlı olduğunu bildirib:
“Matçın sonlarınadək özlərini düzgün idarə edə bildilər. Bu, çox vacib idi. İlk və ikinci hissədəki gərginliklər tamam fərqli idi. Hesabda öndə olanda bəzən futbolçu hansısa epizodlarda ehtiyatlı davranmaq istəyir.
Yaxşı oyun sərgilədik və futbolçulardan çox razı qaldım. Rəqibin xalı yox idi və qalib gəlməyi çox istəyirdilər. Evdə oynayan komanda ilk dəqiqələrdən daha sürətli oynaya və təzyiq göstərə bilər. İkinci hissədə rəqibdə boşluqlar daha çox oldu və bundan yaxşı istifadə edə bildik”.
Bizi Facebook-da izləyin