“O, bizi sakitləşdirir, nə etdiyini bilir” – Varan
Almaniyada keçirilən Audi Cup-2019 turnirinin yarımfinal mərhələsində “Tottenhem”ə 0:1 hesabı ilə məğlub olan “Real”ın futbolçusu Rafael Varan matçdan sonra açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu, məğlubiyyətlərə görə narahat olmadıqlarını deyib:
“Azarkeşlərin komandadan gözləntilərini başa düşürəm. Həm fiziki hazırlıq, həm də taktika baxımından çox çalışırıq. Sakit və inamlı olmalıyıq. Bundan sonra səhvlərimizi düzəldəcəyik və daha yaxşı oyun göstərəcəyik. Bunun üçün də sakit davranmalıyıq. 2017-ci ildə də mövsümə bu şəkildə – məğlubiyyətlərlə başladıq, amma sonra bir neçə kubok qazandıq.
Bu matç “Atletiko” ilə Beynəlxalq Çempionlar kubokunda keçirdiyimiz oyundan (3:7) fərqlənirdi. Baş məşqçi Zinəddin Zidanın bu məğlubiyyətlərə görə həyəcanlandığını düşünmürəm. O, bizi sakitləşdirir, nə etdiyini bilir.
Potensialımızın olduğunu bilirik. Əminəm ki, daha yaxşı olacağıq və öz ideyalarımızı həyata keçirə biləcəyik. Mövsümün əvvəlinə tam hazır olacağıq”.
Bizi Facebook-da izləyin