Azərbaycanlı tennisçi amerikalını məğlub edib, qalib oldu
29 aprel-13 may tarixlərində Bakı Tennis Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq reytinqli tennis turniri keçirilib.
Komanda.az xəbər verir ki, 32 idmançının iştirak etdiyi turnirin qalibi azərbaycanlı Kənan Qasımov olub. 14 yaşlı tennisçi rusiyalı, ukraynalı və qazaxıstanlı yaşıdlarına qalib gələrək, finala yüksəlib. Finalda amerikalı Stefan Joromski ilə qarşılaşan Həsənov, bu görüşdə də qələbə qazanaraq turnirin qalibi olub.
Tennis üzrə 10 qat Azərbaycan çempionu Tələt Rəhimovun tələbəsi olan Kənan Qasımov daha əvvəl Azərbaycan və Bakı birinciliyinin qalibi olub. O, açıqlamasında yarışla bağlı təəssüratlarını bildirib:
“Yarış gərgin keçdi. Ötən həftə keçirilən beynəlxalq turnirin yarımfinal görüşündə zədə almışdım. Buna baxmayaraq, bu turnirdən əvvəl qarşıma məqsəd qoydum ki, birinci olacam. Qalib gəldiyim üçün çox sevinirəm. Çalışacam ki, başqa ölkələrdə keçirilən yarışlarda da bu nəticəni təkrarlayım. Hazırda qarşıma qoyduğum məqsəd yaşıdlarım arasında reytinqimi yüksəldərək “100-lüy”ə, daha sonra “Top 50”-yə daxil olmaqdır. Gələcəkdə isə Roje Federer kimi məşhur tennisçi olmaq, “Australian Open”, “Wimbledon” kimi tunirlərdə Azərbaycanı təmsil etmək istəyirəm”.
Bizi Facebook-da izləyin