Azərbaycanın 2 boksçusu Avropa kubokunda yarımfinala yüksəldi
Monteneqronun Budva şəhərində boks üzrə Avropa kuboku davam edir.
Komanda.az xəbər verir ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanıb.
İlk görüşündə Bartumey Roskovici (Polşa) mübarizədən kənarlaşdıran Malik Həsənov (63,5 kq) 1/4 finalda fransalı Lounes Hamraouini sınağa çəkib. Gərgin keçən qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Həsənov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Malik 3-cü döyüşündə israilli Ahmat Ştivi ilə üz-üzə gələcək.
75 kq-da Mirşərif Kazımzadə də yarımfinala yüksəlməklə özü üçün ən azı 3-cü yeri təmin edib. Boksçumuz 1/4 finalda Qabriel Debaniçə (Xorvatiya) qalib gəlib. O, döyüşü 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə aktivinə yazıb. Kazımzadə finala gedən yolda rusiyalı Cambulat Bijamovla münasibətinə aydınlıq gətirəcək.
Yarımfinal görüşləri oktyabrın 13-də olacaq.
Avropa kubokunun 5-ci günündə millimizin 3 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67 kq) Canluici Malanqa (İtaliya) ilə və Sərxan Əliyev (71 kq) Miroslav Kapulerlə (İsrail) gücünü yoxlayacaq.
Bizi Facebook-da izləyin