Azərbaycan təmsilçilərindən DÇ-də qızıl və bürünc medallar

Azərbaycan təmsilçiləri Yunanıstanın Heraklion şəhərində keçirilən ciu-citsu üzrə dünya çempionatında qızıl və bürünc medal qazanıblar.

Komanda.az xəbər verir ki, Elşən İbişev qızıl, Emil Qurbanov isə bürünc mükafat əldə ediblər.

85 kq-dək çəki dərəcəsində mübarizə aparan E.İbişev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş təlimatçısı olmaqla yanaşı, həmçinin polis mayoru rütbəsinə malikdir. O, çempionluq yolunda uyğun ardıcıllıqla Fransa, Yunanıstan, Ukrayna və İspaniyadan olan rəqiblərini məğlub edib.

Emil Qurbanov da Azərbaycanı layiqincə təmsil edərək 69 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Azərbaycan Ciu-Citsu Federasiyasının fəxri prezidenti Mir-Əli Seyidov və baş məşqçi Tehran Seyidov idmançıları təbrik ediblər. Mir-Əli Seyidov ümumi uğurda hər bir komanda üzvünün töhfəsinin olduğunu vurğulayıb:

“Bu çempionat göstərdi ki, idmançılarımız dünya səviyyəsində tanınmağa layiqdirlər. Biz hər bir döyüşçümüzlə inanılmaz qürur duyuruq və beynəlxalq arenada statusumuzu möhkəmləndirmək üçün çalışmaqda davam edirik”.

Tehran Seyidov isə komandası ilə fəxr etdiyini bildirib:

“İdmançılarımızın əzmi və məharəti yarışın hər mərhələsində özünü büruzə verirdi. Bu hələ başlanğıcdır və biz gələcəkdə idmançılarımızdan daha böyük nailiyyətlər gözləyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button