“Düşünürəm ki, hazırkı vəziyyətdə verilən qərar düzgün idi” – Ayxan Abbasov
Azərbaycan Premyer Liqasında mövsüm koronavirus pandemiyasına görə dayandırıldı.
Komanda.az xəbər verir ki, yeni mövsümdə avrokuboklarda iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirəcək. Və bununla da, “Sumqayıt” klubu tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək. AFFA İcraiyyə Komitəsinin verdiyi bu qərarlarla bağlı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fikirlərini öyrəndik:
“Hansı qərar olsaydı, buna hörmətlə yanaşacaqdıq. Bilirsiz, ölkədə də vəziyyət pisdir. Koronavirusa yoluxma pik həddə çatıb. Çempionat oynanılsaydı da, yenidən dayandırıla bilərdi. Gələcəkdə yoluxmanın necə olacağını bilə bilməzdik. Bizim üçün də bir az proqramlarda çətinlik olurdu. Bilirsiz, həftəsonları sərt karantin rejimi tətbiq olunur və bu da bizim proqramımıza təsir göstərir. Ümumilikdə, istənilən qərara hörmətlə yanaşacaqdıq. Ancaq düşünürəm ki, hazırkı vəziyyətdə verilən qərar düzgün idi. Çünki yenə deyirəm, sonradan koronavirusa yoluxma sayının necə olduğunu müəyyən etmək olmur. Vəziyyət daha da pisləşə, çempionat yenidən yarımçıq dayandırıla bilərdi.
Sevindirici haldır ki, “Sumqayıt” ilk dəfə avrokuboklarda iştirak edəcək. Ötən il ilk dəfə “Sumqayıt”la kubokun finalına yüksəldik. Bu, bizim üçün böyük uğur idi. Finalda məğlub olsaq da, pis çıxış etmədik. İndi də avrokuboklar yolu görünüb. Düzdür, kimsə deyə bilər ki, “hə, mövsüm dayandırıldı, elə getdilər”. Ancaq biz 4-cü yerdə qərarlaşmışdıq və bu yerlərə də öz gücümüzlə, vuruşaraq gəlib çıxmışdıq. Biz 1-2 tur 4-cü olmamışıq ki, belə desinlər. Biz uzun müddət bu pillədə olmuşduq, yəni, təsadüfi deyildi. Bu qərarlar tək bizim üçün deyil, inşallah, bütün klublar üçün uğurlu olar.
Heyətimizlə bağlı qərar verməmişik. Müqaviləsi bitən futbolçular var. Avrokuboklara gedəcəyimizlə bağlı qərar bu gün verilib. Bir müddət sonra planlarımızı müəyyən etməyə başlayacağıq. Yəqin yaxın günlərdə hər şeyə aydınlıq gələr”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin