Emil Balayev iki Premyer Liqanı müqayisə etdi – Müsahibə
Azərbaycan millisinin və “Tobol” klubunun qapıçısı Emil Balayev Qazaxıstan mətbuatına müsahibə verib.
Komanda.az “goalkz.kz” saytına istinadən xəbər verir ki, Balayev, müsahibəsində Azərbaycan millisinin Xorvatiya ilə qollu bərabərə qaldığı oyun (1:1) haqda da danışıb:
- Əvvəlcə özün haqda danışardın. Futbola necə başladın?
- Bir çox futbolçu kimi mən də həyətdə futbol oynayırdım. Futbola olan sevgimi görən babam məni futbola yazdırmaq qərarına gəldi. Əmim peşəkar səviyyədə futbol oynayırdı, ancaq gənc yaşlarında dizindən aldığı zədəyə görə karyerasını bitirdi. O dövrdə müalicə üsulları belə inkişaf etməmişdi. O səbəbdən də, əməliyyat olunduqdan sonra karyerasını bitirdi. Atam da boksla məğul idi.
- “Tobol” variantı necə ortaya çıxdı? Bura gəlməzdən əvvəl Qazaxıstan futbolu haqda nə bilirdin?
- Əvvəllər bir neçə Qazaxıstan komandası – “Tobol”, “Astana”, “Ordabasi və “Kayrat” haqda eşitmişdim. Çünki Azərbaycan çempionatında oynayan və sonradan Qazaxıstana köçən bəzi oyunçular var idi. Məsələn, Riçard Almeyda, Pedro Enrike, Nika Kvekveskiri əvvəllər Azərbaycan çempionatında oynamışdılar. Buna görə də, onların keçidləri və Qazaxıstan Premyer Liqası barədə eşitmişdim. Seçimə gəlincə, “Tobol”dan mənə maraq var idi və qərara gəldim ki, yenidən legioner həyatı yaşayım. İndi qərarımdan peşman deyiləm.
- Artıq 27 tur geridə qalıb, müəyyən nəticələr çıxarmaq olar. Premyer Liqanın səviyyəsini necə görürsən? Azərbaycan çempionatı ilə müqayisə edərdin…
- Müqayisə etsək, görərik ki, burda Azərbaycandakından daha çox komanda var. Qazaxıstan böyük ölkədir, dünyada doqquzuncudur, bu üzdən səfər oyunları üçün uzaq məsafələr qət etməli olursan. Bu da maraqlıdır. İlk vaxtlar buna uyğunlaşmaq çətin idi, amma indi tam öyrəşmişəm və hər şey yaxşı gedir. Qazaxıstanda daha çox atletik futbol oynayırlar, Azərbaycanda isə texniki oyuna üstünlük verilir.
- “Tobol” çempionluq uğrunda mübarizəni davam etdirir. Bu mövsüm qızıl medal qazanmaq şansınız nə dərəcədə realdır?
- Deyərdim ki, mümkünsüz heç nə yoxdur. Hər oyuna maksimum tapşırıqlarla çıxırıq və üç xalla ayrılmaq istəyirik. Əvvəlcədən konkret nəsə demək istəmirəm, amma klub olaraq ən yüksək hədəflərə çatmağa çalışırıq.
- “Tobol” ardıcıl 7 oyundur qol buraxmır və bunun 6-da qapıda sən dayanmısan. Qapıçıdan bilmək maraqlıdı, belə bir uğurun sirri nədir?
- Komandamız bir neçə oyundur qol buraxmır ki, bu, müsbət amildir. Amma düşünmürəm ki, burda kiminsə şəxsi əməyi var. Bu, hər bir futbolçunun və məşqçinin zəhmətinin nəticəsidir. Futbol kollektiv oyundur və mənə bu “quru seriya”ya nail olmağa kömək olan bütün futbolçulara minnətdaram.
- Bu yaxınlarda Jasur Narzikulov komandaya qoşuldu. Klubda qapıçıların münasibəti necədir?
- Çox mehriban kollektivimiz var və qapıçılar bir-birləri ilə yaxşı ünsiyyətdədilər. Əlbəttə ki, oyununuzdan asılı olmayaraq – yaxşı və ya pis olduğunuz zaman komanda yoldaşlarınızın sizə səmimi münasibət bəsləməsi müsbət cəhətdir. Hər matçdan sonra həm Jasur, həm də Sultan Busurmanov mənə dəstək olur. Bu cür dəstəyi hiss etdiyiniz zaman sizə əlavə inam və güc gəlir.
- Xorvatiyaya qarşı oyunda milli komandanızda debüt etdin və bu, möhtəşəm alındı. Təəssüratların necədir və ümumilikdə matç barədə nə deyə bilərsən?
- Oyundan əvvəl bilirdik ki, ciddi rəqiblə – dünya çempionatının gümüş medalçıları ilə qarşılaşacağıq. Bizi yüksək səviyyəli futbolçularla duelin gözlədiyini bilirdik və komanda buna hazırlaşırdı. Hər kəsin, xüsusən də, mənim böyük arzum var idi, çünki millidə debüt edirdim. Düşünürəm ki, belə oyunlarda hər futbolçunun həyəcanı olur, ancaq bu, mənə mane olmadı. Düzgün konsentrasiya olunmuşdum, diqqətli idim. Allaha şükürlər olsun, oyun komandamız üçün uğurlu alındı.
- Bir az da dünya futbolu haqda danışaq. Hansı qapıçılar səni heyran edir, kumirin varmı? Və hansı klubda oynamağı xəyal edərdin?
- Düzünü deyim, konkret hansısa klubda oynamaq xəyalım olmayıb, amma İngiltərə Premyer Liqasında oynamağı çox istərdim. O atmosferi hiss edim. Qapıçılara gəlincə, kumirim yoxdur. Lakin oyun üslubunu bəyəndiyim qapıçılar var. Edersonun ayaqla oynaması xoşuma gəlir. Həmçinin, Manuel Noyer, İker Kasilyas və Petr Çexi bəyənirdim.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin