Azərbaycan millisinin üzvü: “Psixoloji cəhətdən güclü olmalıyıq”
Azərbaycan millisinin voleybolçusu Olena Xarçenko qarşıdakı Avropa çempionatı barədə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 26 yaşlı blokçu federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Komandamızın Avropa çempionatına hazırlıq mərhələsi başa çatdı. Bir neçə gündən sonra çempionatın ilk matçına çıxacağıq. Millimiz iki ay ərzində ciddi təlim-məşq toplanışı və yoxlama oyunları keçirib. Təssüflər olsun ki, mən hazırlıq mərhələsinin əvvəlindən komandamızın məşqlərində iştirak edə bilməmişəm. Bildiyiniz kimi bir müddət əvvəl Bosniya və Herseqovinada təşkil olunan təlim-məşqlərə qatıldım. Çünki, həkimin tapşırığı ilə dizimdən keçirdiyim əməliyyata görə klub mövsümü başa çatdıqdan sonra 3-4 ay fiziki məşqlər etməli idim. Məhz bu səbəbdən avqust ayından komandamızın məşqlərinə qoşula bildim. Məşqlərə başladığım ilk gündən çalışıram öz əvvəlki formamı tezliklə bərpa edim və Avropa çempionatında komandamıza kömək edim. İdmançı üçün əsas amillərdən biri də psixoloji hazırlıqdır. Psixoloji cəhətdən güclü olmalıyıq. Çünki qarşıda bizi gərgin oyunlar gözləyir. Güclü komandalarla bir qrupda mübarizə aparacağıq. Amma voleybolda oyundan öncə fikir bildirmək çox çətindir. Ən əsas da qadın voleybolçuların yarışlarında nəticə çox zaman gözlənilməz olur. Hər bir matçda sona kimi mübarizə aparmalıyıq. Bu gün komandamızda gənc oyunçular var. Belə mötəbər yarışda çıxış etmək və təcrübə toplamaq hər bir voleybolçunun arzusudur”.
Bizi Facebook-da izləyin