Azərbaycan kubokunda ilk günün qalibləri bəlli oldu
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan kubokunda ilk yarış gününə yekun vurulub.
Komanda.az xəbər verir ki, kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 49 və 55 kq-a qədər olan atletlər çıxıb. Müvafiq olaraq toplam 120 kq (58+62) nəticə göstərən Sahil Miriyev və 202 kq (92+110) nəticə göstərən Əvəz Tağıyev öz çəkilərində qızıl medala sahib çıxıblar.
Növbəti qaliblər çəkisi 61 kq-a qədər olan atletlər arasında müəyyən edilib. Toplam 237 kq (107+130) nəticə ilə Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 230 kq (105+125) nəticə ilə Tehran Məmmədov və 184 kq (84+100) nəticə ilə Elvin Şükürzadə tutublar.
Çəkisi 67 kq-a qədər olan atletlər mübarizə də maraqlı alınıb. Toplam 260 kq (118+142) nəticə göstərən Elməddin Hüseynov kubokun qalibi adına layiq görülüb. Onun ən yaxın izləyicisi Ömər Cavadov toplam 252 kq (117+135) nəticə ilə gümüş medala, toplam 243 kq (108+135) nəticə ilə isə Fuad Həsənov bürünc medala sahib çıxıb.
Körpücük üzərinə son olaraq çəkisi 73 kq-a qədər olan atletlər çıxıblar. Toplam 283 kq (122+161) nəticə göstərən Elşad Şərifov Azərbaycan Kubokunun sahibi adını qazanıb. Gümüş medalı yetərincə yaxşı nəticə – 273 kq (120+153) göstərən gənc Rüstəm Qasımov əldə edib. Bürünc medal isə toplam 272 kq (124+148) nəticə göstərən Paşa İbrahimliyə qismət olub.
Bizi Facebook-da izləyin