Azərbaycan karateçiləri DÇ-dən 4 medalla dönürlər

Karate üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandası Çilinin paytaxtı Santyaqoda keçirilən XI dünya çempionatını 4 medalla başa vurub.

Komanda.az xəbər verir ki, 16-18 yaşlı gənclərdən ibarət millinin üzvləri Hüseyn Məmmədli (-61 kq) gümüş, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub.

Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq), Hümmət Baxşəliyev (-67 kq) və Murad Hacızadə (+84 kq) isə sonda medalçılar arasına düşə bilməyiblər.

Azərbaycan Repsublikasının Çili Respublikasında Müvəqqəti işlər vəkili Yasin Cəfərov və Azərbaycan Respublikası XİN-in əməkdaşı Rüstəm Həsənzadə yarışın keçirildiyi salonda idmançılarımıza dəstək olublar.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov komandanın daha yüksək nəticə əldə etmək imkanları olduğunu bildirib:

“Heyətdə yeni idmançılar olsa da, komanda əsasən titullu karateçilərdən ibarətdi. 21 yaşadək idmançılarda və 16-18 yaşlı gənclərdə bir neçə final və qızıl medal gözləyirdik. Yeniyetmələr isə belə yüksək səviyyəli yarışlara ilk dəfə çıxdığından nisbətən təcrübəsiz olurlar. Xüsusi qeyd edim ki, yarış proqramında dəyişikliklər, Çilidə baş verən hadisələr idmançıların fiziki və psixoloji durumuna mənfi təsirlərini göstərdi. Bu və digər səbəblərdən gözlədiyimiz nəticəyə tam nail ola bilməsək də, vətənə əliboş qayıtmırıq. Azərbaycan yenə də dünyanın sayılıb-seçilən karate ölkələri arasında mövqeyini qorudu. Bunu həmkarlarım da mənimlə söhbətlərində qeyd edirlər. Yarışlarda iştirak etmək üçün bizə dəstək olan bütün təşkilatlara minnətdarlığımı bildirirəm. Qarşıdakı rəsmi yarışlarda da karateçilər onlara göstərilən etimadı doğrultmaq üçün bacarıqlarını əsirgəməyəcək, Azərbaycan idmanını dünyada tanıtmaqda davam edəcəklər”.

Yeniyetmə və gənclər milli komandasının baş məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev dünya çempionatı ilə bağlı federasiyasnın saytına fikirlərini bölüşüb:

“Federasiya il ərzində yeniyetmə və gənclər milli komandasını nəzərdə tutulan bütün sınaq yarışlarına göndərdi. Sınaqlara yarışlarına əsasən Dünya çempionatına özlərini doğruldan idmançılar gəlmişdi. Çilidə nəticəni qənaətbəxş hesab etmək olar. Əyarı yüksək olan daha çox medallar gözləyirdik. Lakin idmançıların iqlimə adaptasiyasında problemlər oldu. Əvvəlcədən yarışın proqramına əsasən idmançıların çıxış edəcəyi günlərə görə ölkəyə daxil olma vaxtları hesablanmışdı ki, adaptasiyaya mənfi təsir göstərməsin. Santyaqoda siyasi durumdan asılı olaraq, yarış proqramında yaş qruplarının çıxış edəcəyi günlər dəyişdiyinə görə, idmançıların iqlimə uyğunlaşması nəzərdə tutulduğu kimi olmadı. Bu səbəblərə görə Avropa və dünya mükafatçılarımızın çıxışları gözlənilən nəticəni vermədi. Buna baxmayaraq, onlar medal görüşlərinədək mübarizə apardılar. Noyabrın sonunda 2020-ci il üçün yeniyetmə və gənclər milli komandasının tərkibini təyin etmək üçün Respublika çempionatı keçiriləcək. Yeni tərkib ilə gələn ilin fevralında Macarıstanda Avropa çempionatına hazırlıqlara başlayacayıq. Təqvim planına uyğun bütün yarışlarda iştirak etməyi təmin etdiyinə görə federasiya rəhbərliyi və bizə dəstək olan bütün ali idman təşkilatlarına komanda adından minnətdarlığımı bildirirəm”.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimova final görüşlərini idarə etmək kimi məsul vəzifələr həvalə olunub. Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarını 10 il idarə etdiyi üçün, C.Babayev WKF-in Hakimlər komitəsinin sədri Xavier Eskalante tərəfindən fəxri yubiley medalı ilə təltif edilib.

Karateçilər 31 oktyabrda Bakıda olacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button