Azərbaycan 3 boksçusu beynəlxalq turnirin 1/4 finalında
Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında “Strandja” beynəlxalq turniri davam edir.
Komanda.az xəbər verir ki, A kateqoriyalı yarışın üçüncü günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.
1/8 final mərhələsi çərçivəsində Malik Həsənov (63,5) hindistanlı Şiva Tapa ilə döyüşməli olsa da, rəqib görüşə çıxmayıb. Boksçumuz növbəti mərhələdə Mujibillo Tursunovla (Özbəkistan) üz-üzə gələcək.
Məhəmməd Abdullayev də rinqdən qalib ayrılıb. +92 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı Yordan Morehonla (Bolqarıstan) qarşılaşıb və rəqibini 3:2 (28:29, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda Narenderlə (Hindistan) döyüşəcək.
Millimizin digər üzvü Zeynəb Rəhimova (54 kq) Yuliya Korolini (Moldova) sınağa çəkib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28). Rəhimova 1/4 finalda argentinalı Mixaela Robleslə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 40-a qədər ölkədən 398 boksçunun (256 kişi, 142 qadın) mübarizə apardığı yarışın qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.
Bizi Facebook-da izləyin