Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın 3-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Turan Tovuz”u təhlil etmişdik. Bilirdik ki, Ayxan Abbasovun öz oyun stili var, oyuna hazır idik. Gözləmədiyimiz anda qol buraxdıq. Bu qolun təsirindən ayılmamış qapımızda ikinci qolu gördük. Buna baxmayaraq, komanda yaxşı oyun göstərdi. Çempionat yeni başlayıb. Hazırda turnir cədvəlinin heç bir əhəməyyəti yoxdur. Bundan da yaxşı olacağıq. Oyuna görə futbolçularıma təşəkkür edirəm. Sonadək mübarizə apardılar.

Məğlubiyyəti kiminsə üstünə atmaq istəmirəm. Futbolda səhvlər də olur, yaxşı anlar da. “Neftçi”ni udanda səhvlər görünmürdü. Razıyam, qapıçının səhvləri oldu. Amma o da istəməzdi ki, qollar buraxaq. Qapıçı transferi yox, amma başqa mövqelərə gözlənilir.

Nə qədər çətin olsa da, ağlamaq fikrim yoxdur. “Kəpəz”ə gələndə özümə belə söz vermişəm. Bu şərait və büdcə ilə razılaşmışamsa, axıra kimi əlimdən gələni edəcəm. Hazırkı futbolçularla davam edəcəm. Bəli, çətnidir. Çalışacağıq ki, bu istiqamətdə işlər görək.

Mateyə görə çox təəssüflənirəm. Tibbi baxışdan sonra durumu bilinəcək. Oyunu uduzduq, amma futbolçu itirmək bizim üçün çox ağırdır. Oyuna gəlincə, qola kimi futbolçular meydanda mənim istədiklərimi yerinə yetirirdilər. Futbolçulara tapşırmışdım ki, ehtiyatlı oynamaq lazımdır. Belə də başlamışdıq. Gözləmədiyimiz anda qol buraxdıq. Bu da sınma nöqtəsi idi.

Müdafiə planında yaxşıyıq. Hücumdakı durumdan razıyam. Bu haqda düşünürük. Hücum oyunuçuların hərəsinin üzərinə düşən iş var. Onlara tapşırmışıq ki, bir az artırmaq lazımdır. Bu baş versə, qollar da gələcək. Getdikcə hər şey yoluna düşəcək. Bir neçə transferlə oyunumuzda yaxşıya doğru dəyişiklik olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button