“Azərreyl” Gəncədən qələbə ilə qayıtdı
Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, günün ilk qarşılaşması “Murov” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olub.
GİN-nin Voleybol Mərkəzində təşkil olunan görüş “Murov Az Terminal”ın üstünlüyü ilə keçib. Eldar Yusubovun yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.
Ardınca meydançaya “Abşeron” və UNEC klubları çıxıb. Bu qarşılaşmada da qalib üç setdə müəyyən olunub. Rəqibini quru hesabla üstələyən “Abşeron” çempionatdakı ikinci matçında da meydançadan qalib ayrılıb.
Turun daha bir qarşılaşması isə Gəncə şəhərində baş tutub. Gəncə OİK-də təşkil edilən oyunda “Gəncə” komandasının qonağı son ölkə çempionu “Azərreyl” olub. Günün iki matçında olduğu kimi, yenə 3:0 hesabı qeydə alınıb. Qonaqlar hər üç setdə üstün oyun göstərərək matçın qalibi olublar.
Beləliklə, “Murov Az Terminal” 6 xalla turnir cədvəlinə liderlik edir. Xalları 6 olsa da, set fərqinə görə liderdən geri qalan “Abşeron” ikinci, “Azərreyl” və “Milli Aviasiya Akademiyası” hərəyə 3 xalla üçüncü və dördüncü yerləri tutur. Xalı olmayan “Gəncə” və UNEC isə son pillələri bölüşürlər.
“Murov Az Terminal” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:20, 25:16, 25:17)
“Gəncə” – “Azərreyl” 0:3 (13:25, 12:25, 20:25)
“Abşeron” – UNEC 3:0 (25:15, 25:10, 25:13)
Bizi Facebook-da izləyin