Azərbaycan millisinin üzvü Yunanıstan kubokunun qalibi oldu
Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko Yunanıstan kubokunu qazanıb.
Komanda.az xəbər verir ki, o, bu uğura şərəfini qoruduğu “Panatinaikos”la imza atıb.
Stepanenkonun komandası finalda “Tiras”ı məğlub edib.
29 yaşlı hücumçu 12 ildən sonra qazanılan bu qələbə ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb:
“Yunanıstan kubokunu qazandığımıza görə çox şadam. “Panatinaikos” 12 il idi ki, bu kuboku qazana bilmirdi. Bu qələbə komandamız üçün tarixi hadisə oldu. Düşünürəm ki, bu tarixi biz yazdıq. Qələbədə mənim də payım olduğu üçün xoşbəxtəm. Ümumiyyətlə, çox maraqlı oyunlar oldu. İlk rəqibimiz “Olimpiakos” klubu idi. Biz ilk matçı 3:2 hesabı ilə qalib gəldik. Ardınca güclü AEK-lə üz-üzə gəldik və tay-brekdə qələbə qazanaraq, yarımfinala vəsiqə qazandıq. Finala gedən yolda “İlisiakos”u mübarizədən kənarlaşdırdıq. Həlledici matçda isə “Tiras”ı məğlub edərək kuboku qazandıq”.
O bildirib ki, ilk gündən əsas hədəfləri kuboku qazanmaq olub:
“Biz bu yarışa həm fiziki, həm də psixoloji olaraq hazırlaşmışdıq. Oyunçular, məşqçilər korpusu, azarkeşlərimiz inanırdıq ki, qalib gələ bilərik. Bu kuboku qazanmamaq üçün bir səbəbimiz yox idi. Sonda biz bunu bacardıq. Qarşıda bizi çempionat oyunları gözləyir. Məqsədimiz çempion olmaqdır”.
Bizi Facebook-da izləyin