“Murad Musayevin bizdən nə tələb etdiyini bilirik” – Müsahibə
“Sabah” klubunun müdadiəçisi Slavik Alxasovun Komanda.az saytına müsahibəsi:
– Son turda “Sumqayıt”a böyük hesabla – 3:0 hesabı ilə qalib gəldiz. “Sumqayıt” zəifləyib, yoxsa “Sabah” güclənib?
– Çempionatda asan oyun olmur. “Sumqayıt”la səfər oyunları da həmişə çətin keçir. Son oyun da istisna olmadı. Sadəcə, yaxşı oyun sərgilədik və layiq olduğumuz qələbəni qazandıq.
– Komandanız hazırda turnir cədvəlində 5-ci sıradadır və 4-cü yerdəki “Qəbələ”dən 5 xal geri qalır. Avrokuboklara getmək şansınız nə qədərdir?
– Hazırda yalnız növbəti oyunlarımıza köklənirik. Hər matçımıza ciddi yanaşır, qalib gəlmək üçün var qüvvəmizlə mübarizə aparırıq. Çempionatı hansı pillədə başa vuracağımızı mövsümün sonunda görəcəyik.
– Murad Musayev “Sabah”a baş məşqçi təyin olunandan sonra nəticələrdən başqa, daha nələr dəyişib komandada?
– Hər birimiz Murad Musayevin bizdən nə tələb etdiyini bilir və meydanda bunu reallaşdırmağa çalışırıq. Musayev gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəli mütəxəssisdir. Onun rəhbərliyi altında çalışmaq komanda üçün xoşdur.
– “Neftçi” ilə kubokdakı cavab oyununu hələ unutmamısız? Yarımfinala çıxmağa sizə nə mane oldu: hakimlər, yoxsa özünüz?
– Bu oyunlar artıq geridə qalıb. Keçmişdə baş vermiş oyunlar barədə danışmaq bizə heç nə qazandırmayacaq. İndi yalnız qarşıdakı görüşlər barədə düşünür, növbəti oyunlarımıza köklənirik. İnanıram ki, irəlidəki matçlarda əvvəllər yol verdiyimiz səhvləri təkrarlamayacağıq.
– “Sabah” mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməsə, bunu komanda üçün böyük uğursuzluq saymaq olar?
– Bayaq da dediyim kimi, hazırda bu barədə düşünmürük. Yalnız qarşıdakı oyunlara köklənirik. Çempionatı hansı pillədə bitirəcəyimizi mövsümün sonunda görəcəyik. Yalnız bundan sonra əldə edilmiş nəticənin uğurlu və ya uğursuz olmasını dəyərləndirmək olar.
– Premyer Liqanın növbəti turunda “Zirə” ilə qarşılaşacaqsız. Nə gözləyirsiz bu oyundan?
– Bizi yaxşı komanda ilə çətin qarşılaşma gözləyir. “Zirə” ilə matçlarımız həmişə çətin keçir. İnanıram ki, azarkeşlər maraqlı oyun izləyəcəklər. Əlimizdən gələni edəcəyik ki, bu görüşdən yaxşı nəticə ilə ayrılaq.
– Azərbaycan milli komandasının Maltaya və Latviyaya məğlubiyyəti mətbuatda, sosial mediada çox tənqidlərə səbəb oldu. Həmin tənqidləri oxuyanda milliyə çağırılmadığınız üçün sevinmədiz?
– Millidə çıxış etmək hər bir futbolçu üçün fəxrdir. Əlbəttə, mən də millimizin şərəfini qorumaq istərdim. Yox, belə bir fikrə düşməmişəm. Çağırılacağım təqdirdə, millimizə əlimdən gələn köməyi edəcəyəm.
– İndi əksəriyyətin düşüncəsi belədir ki, milli komandanın baş məşqçisi yerli mütəxəssis olmalıdır. Siz nə düşünürsüz bu barədə?
– Məncə, millinin baş məşqçisinin milliyəti yox, yığma komandamıza hansı faydanı verəcəyi daha mühümdür. Əcnəbi, yoxsa yerli mütəxəssis məsələsində fərqli yanaşma olması normadır. Hər bir şəxsin bu məsələ ilə bağlı öz fikri var.
– Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında forma geyinsəz də, əsas yığmaya dəvət almamısız. Günahı özünüzdə görürsüz, yoxsa sizi “görməyənlər”də?
– Kimdəsə günah axtarmağa ehtiyac yoxdur. Mən futbolçuyam, işim futbol oynamaq, klubumda özümü maksimum göstərməkdir. Millinin heyətini məşqçilər müəyyənləşdirir. Nə vaxt dəvət gəlsə, yığmamıza əlimdən gələn köməyi göstərməyə hazıram.
Mehri Qurban
Bizi Facebook-da izləyin