Azərbaycan millisi Avropa üçüncüsü oldu
Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.
Komanda.az xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan müvafiq millimiz uğurlu nəticəyə imza atıb.
Belə ki, məsul yarışda mübarizə aparan 6 güləşçimizdən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə himnimizi səsləndirib. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.
Beləliklə, Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin