Ayxan Abbasov: “Rəhbərlikdən ilk istəyim bu heyəti qorumaq olacaq”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun finalında “Keşlə”yə məğlub olduqları oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Abbasov, 1:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Finala bacardığımız qədər yaxşı hazırlaşmışdıq. Futbolçularımızı təbrik edirəm. 3-cü yer tutmuşduq və futbolçularda rahatlıq var idi. Buna baxmayaraq, sona qədər mübarizə apardılar. Sərgilədiyimiz oyun məni sevindirir. İlk hissədə bəlkə də mövsümün ən yaxşı oyununu oynadıq. Yorğunluq olsa da, yaxşı çıxış edə bildik. Çox təəssüf edirik ki, kuboku qazana bilmədik. İkinci dəfə finalda idik. Bəlkə də, bu da bir uğurdur. Qalib olmaq istəyirdik. Mövsümün əvvəlində bizə inananlar az idi, komandanın sonuncu yerdə olacağını düşünürdülər. Ondan əvvəl koronavirusa görə çempionat dayananda deyirdilər ki, “Sumqayıt” çempionat davam etsəydi, aşağı yerlərdə olardı. Bu gün futbolçularımız sübut etdi ki, uğurlarımız təsadüfi deyil. Bu il medal qazandıq, ondan əvvəl avrokuboklara vəsiqə qazandıq. Bunlar təsadüf ola bilməz. Futbolçuları, məşqçiləri təbrik edirəm. Onlar bizimlə gecə-gündüz çalışırdılar. Əla kollektivimiz var. Bunun bəhrəsini gördük, hər kəsə təşəkkür edirəm. Maliyyəmiz digər komandalara nisbətən aşağıdır. Çalışırıq ki, onlardan geri qalmayaq. Hər şeydən razıyam. Gələcəkdə görüləsi çox iş var, inkişaf etməli, böyüməliyik. Heyətimizi qoruya bilmirik. Bu, məni üzür. Qarşıdakı illərdə uğur qazanmaq istəyiriksə, düzgün addımlar atmalıyıq. “Keşlə”ni də təbrik edirəm, onlara avrokuboklarda uğurlar arzu edirəm.
- Bu heyəti qorumağa ümid varmı?
- Biz hələ heç kimlə müqavilə bağlamamışıq. Futbolçulara da təkliflər var. Rəhbərliklə görüşdükdən sonra bu suallara cavab verə bilərəm. Rəhbərlikdən ilk istəyim o olacaq ki, bu heyəti qoruyaq.
- Komandada kimlərin qalıb, kimlərin gedəcəyini müəyyən etmisizmi?
- Bir məşqçinin planı olmalıdır. İstədiyim futbolçular var ki, bizimlə qalsınlar. Bəzi mövqelər var ki, mövsümboyu həmin mövqeyə görə əziyyət çəkdik. Biz rəqabəti gənclərlə yaratdıq. Bu gün 20 yaşlı futbolçu üçün Azərbaycan kubokunun finalını hiss etmək böyük təcrübədir. Çox şey rəhbərlikdən asılıdır. Bir məşqçi kimi irəli getmək istəyirəm. Rəhbərliyi də başa düşürəm. Həqiqətən, çətindir. Onları da qınamıram. İnşallah, xeyirli qərarlar veriləcək.
- Bu gün çox təmkinli və gülərüzsüz. Bu, nə ilə bağlı idi?
- Oyundan sonra bəzi futbolçuların gözüyaşlı idi, bəziləri məyus idi. Onlara dedim ki, başınızı dik tutmalısız. Bu mövsüm uğur qazanmış, çempionatı üçüncü sırada bitirmişik. İstədim ki, futbolçulara siqnal verim. Daxilimdə sarsıntı olsa da, bunu futbolçulara bildirmək istəmirəm.
- Oyunun qırılma nöqtəsi nə idi?
- İlk dəqiqələrdən qol vurmaq istəmirdik. Bu, onları ruhlandıra bilərdi. Hesabı artıra da bilərdik. Lakin standart vəziyyətdən qol buraxdıq. Ən qorxduğumuz şey bu idi və başımıza gəldi.
- İmkanınız olsaydı, çempionatın bürünc medalını kubokun qələbəsinə dəyişərdiz?
- Çətin sualdır. Nəsə desəm, yanıla bilərəm.
- İki finalda eyni məşqçiyə uduzmaq necə hissdir?
- Sənan müəllimə dedim ki, kuboka sənin şəklini vurmalıyıq (gülür). Bütün məşqçilərin uğurlarına sevinirəm. Sübut olundu ki, Azərbaycan çempionatında yerli məşqçilər baş çıxara bilər.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin