Ayxan Abbasov: “İstədiyimiz “Sumqayıt”ı gördük”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Premyer Liqanın 11-ci turunda “Sabah”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Abbasov, 3:1 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:
- Bu oyun bizim üçün kritik idi. Turnir cədvəlində yerimizi dəyişə – ya yuxarı çıxa, ya da aşağı düşə bilərdik. İstəyirdik ki, motivasiyamızı saxlayaq. Rəqibi düzgün təhlil etmişdik. İlk 20 dəqiqədə qol vurmalıydıq. Rəqibin ən güclü silahı əks-hücumlar idi və ondan da qol vurdular. Sonra oyundan düşmə oldu. İkinci hissədə nələrisə dəyişməliydik və bu, reallaşdı. İstədiyimiz “Sumqayıt”ı gördük. Çempionatda gücümüz nəyə çatacaq, mübarizə aparacağıq.
- Qol imkanlarını yetərincə boşa verirsiz. Problem nədədi?
- Çempionatın əvvəlində qol imkanlarımız çox az olurdu. Bu gün sevindirici haldı ki, hər oyun qol imkanları yarada bilirik, ancaq sonluq çatmır. Bu da futbolçuların ustalığından irəli gəlir. Asan epizodları dəyərləndirə bilmirik, çətini dəyərləndiririk.
- Sanki hər futbolçu özü qol vurmaq istəyir. Son epizodda da Əmir Ağayev daha əlverişli vəziyyətdə olan komanda yoldaşlarına ötürmə etmədi…
- Əmir bu epizodu öz üzərinə götürdü. Mehdi Şərifi oyuna girdikdən sonra Peyman Babayiyə ötürmə verdi. Elvin Cəfərquliyev son oyunlarda yaxşı çıxış edir. Əmir bu gün qol vurmağa layiq idi.
- İlqar Qurbanov heyətin ən təcrübəlisidi. Ancaq şans qazanmır. Bu, nə ilə bağlıdı?
- Tək İlqar yox, digər oyunçular da var. Təəssüf ki, hər kəsə şans vermək olmur. Əskiklərimiz var, düzdü. İlqar və digər futbolçulara da inanıram. Bu gün oyundan əvvəl paltardəyişmə otağında dedim ki, çox çalışmalısız ki, oynayasız. İlqara inanıram.
- “Sumqayıt” bu oyunla çempionatda hansı yerə iddia edə bilər?
- İlk hissə komandada rahatlıq vardı. Ancaq 2-ci hissə fərqli oldu. 90 dəqiqə belə oynamaq çətindi. Belə oynadığımız müddətdə nəticə də gələcək.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin