Ayxan Abbasov: “Bu, bizim zəifliyimizdi”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
- Önəmli həftə idi. Xal fərqini artıra bilərdik. Yuxarı pillələrə yaxınlaşmaq şansımız var idi. Rəqibi bilirdik. Futbolçulara da demişdik ki, son oyunlar kompakt oynayırlar. Bu gün də fərqli sistemdə oynadılar. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Bəzi futbolçuların oyunları alınmadı. Hər dəfə yaxşı oynamaq olmur. Çalışacağıq ki, bu oyundan dərs çıxaraq. Gələn tur səfərdə vacib oyunumuz var.
- Bu gün “Sumqayıt” əvvəlki turlardakı komanda deyildi. Qələbə istəyini görə bilmədik. Bu, nədən irəli gəlir?
- Arxayınlaşma yox idi. Bir qələbədən sonra arxayınlaşırıqsa, bu, bizim zəifliyimizdi. Rəqib nə “Neftçi”, nə də “Zirə” kimi oynadı. Müdafiədə yaxşı idilər. Əks-hücumlara bel bağlayırdılar. Əsas odu ki, bu, sonuncu olsun.
- Futbolçu bir oyun yaxşı, bir oyun pis oynayırsa, kimin günahıdı?
- Oyunumuza elə də bərbad deməzdim. Hücumlarımız da var idi, ancaq az oldu. Burada günahkar axtarmıram. Bu futbolçulara inanıram.
- Bu gün “Zirə”nin məğlub olmasının sizin futbolçuların psixologiyasına təsir etdiyini düşünürsüzmü?
- Futbolçuların çoxu hesabı bilmirdi. Bu gün istədiyimiz hücumu qura bilmədik. Hər komanda bütün oyunlarda qalib gəlmək istəyir.
- Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlər arasında yerli məşqçi yoxdu. Bunu yerli məşqçilərə etimadsızlıq kimi saymaq olar?
- Buna cavab vermək düzgün deyil. Bu işə cavabdeh olanlar var. Gələn məşqçiyə də uğurlar arzu edəcəyik. Çünki bu milli komanda hamımızındı.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin