Ayxan Abbasov: “Bizim yolumuz tam başqadır”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının ilk turunda “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, doğma meydanda 0:1 hesabıyla məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Futbol üçün darıxmışdıq. Qalib də gələ bilərdik, amma sonda məğlub olduq. Bəlkə də, ədalətli nəticə bərabərlik idi. Futbolçularım bacardıqlarını etdilər. Bəzi futbolçuların gec qoşulmağı bizi bir az geriyə saldı. Vaxtımız azdır, qarşıdakı Avroliqa oyununa hazırlaşacağıq. Qarşıda bizi böyük işlər gözləyir. Komandada yeni futbolçular çoxdur. Səbrli olub, işimizi davam etdirəcəyik.
  • Bir neçə gün əvvəl yoxlama oyununda “Zirə”yə qarşı yaxşı performans sərgiləmişdiz. Amma bu gün komanda bir az zəif idi…
  • “Zirə” ilə oyun yoxlama idi. Həmin matç bizi aldatmalı deyil. Bu gün rəqibimizin “Keşlə” olduğunu unutmayaq. Məncə, bu gün o qədər də pis oynamadıq. Bizə vaxt lazımdır, qısa zamanda nəsə əldə etmək çox çətindir.
  • Rəhim Sadıxovun penalti epizodunda qərar verə bilmirdiz?
  • Ötən il penalti vuranlarımız indi komandada deyil. Hazırda penalti vuranlarımızdan biri Rəhimdir. Futboldur, belə şeylər olur. Bilirəm ki, o da qol vura bilmədiyi üçün məyus oldu. Bəlkə qol olsa, fərqli olardı.
  • Görünən odur ki, komandanın oyunçu potensialı bundan artığını edə bilmir…
  • Əlbəttə, futbolda reallıq var. Biz söz verməmişik ki, bu yeri tutacağıq, bunu edəcəyik. Heyətimizə gənc futbolçular var, onların da qarşısını almaq istəmirik. Düzdür, nəticə istəyirik. Amma digər klubların şansı var ki, legioner gətirsin, nəsə etsin. Bizim klubun strategiyası başqadır. Biz reallığı görürük və hansı yola çıxdığımızı bilirik. Səbrli olub, pillə-pillə inkişaf etməliyik. Bu gün bizim yolumuz tam başqadır. Bir oyunla qərar vermək düz deyil. Böyük ölçüdə götürsək, biz bu gün zəif oynamamışıq. Bizim hədəfimiz var. O demək deyil ki, biz gəncləri oynadıb, uduzmağa razıyıq. Biz mübarizə aparacağıq. Bu gün “Keşlə” bizdən 3 baş üstün olsaydı, sizlə razı olardım.
  • Son dəqiqələrdə qolun gələcəyi hiss olunurdu. Bunun qarşısını almağa nə mane oldu?
  • Son dəqiqələrdə yorğunluq oldu. Bu tempə uyğunlaşmaq çətindir. Bu gün bir az soyuqqanlılıqda və təcrübədə uduzduq.
  • Rəqibi nə zaman təhlil edəcəksiz?
  • Sabahdan futbolçuları Avroliqa matçına hazırlayacağıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button