Ayxan Abbasov: “Ən pis matçımız idi”
“Rəqib bizdən daha yaxşı oynadı. “Sumqayıt”da olduğum müddət ərzində ən pis matçımız idi”.
Komanda.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ”yə səfərdə 0:5 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bu məğlubiyyətə görə məsuliyyəti üzərindən atmayıb: “Oyunçuları da başa düşürük. “Qəbələ”nin belə qələbələri var idi. Uşaqları bu görüşə hazırladıq. Güclü bir zərbə aldıq. Vəziyyətdən çıxmaq lazımdır. Bunlar mənim futbolçularımdır. Heç kəsi günahlandırmayacağam. Bu uşaqlar kubokun yarımfinalınadək irəlilədilər. Məsuliyyəti tam olaraq üzərimə götürürəm. Şikayət etmirəm, amma Vurğun Hüseynov zədəlidir, Mehdi Şərifi xəstələndi, Cəmaləddin Xocaniyazov 4 sarı vərəqə səbəbindən oyunu buraxdı. Belə matçlarda futbolçular möhkəmlənir”.
Gənc çalışdırıcı klub prezidenti Riad Rəfiyevin final fiti səslənməsini gözləmədən stadionu tərk etməsini təbii hal sayıb: “Bəlkə də, nəticə ona təsir etdi. Bəli, Antalyada baxımlı futbol nümayiş etdirdik. Amma çempionat və yoxlama oyunları çox fərqlidir. Əksər futbolçuların təcrübəsi azdır. Toparlanmaq lazımdır. Sumqayıta qayıtdıqdan sonra həm bu görüşü, həm də komandayla bağlı bütün vəziyyəti müzakirə edəcəyik”. (sport24.az)
Bizi Facebook-da izləyin