Avropa çempionu: “Qələbəmi şəhidlərimizə həsr edirəm”

“İlk döyüşümdə irlandiyalı Antonio Payva ilə üz-üzə gəldim. O, bir az hissiyyatlı idi. Lakin layiqli döyüşüb, rəqibdən güclü olduğumu nümayiş etdirdim”.

Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionu titulunu qazanan Nicat Hüseynov deyib.

51 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı, daha böyük uğurlarının qarşıda olduğunu söyləyib:

“Yarımfinalda türkiyəli Mehmethan Çinarla görüşüm gərgin və ağır keçdi. Rinqə də bədən ağrısı ilə çıxmışdım. Öz üslubumda döyüşərək finala yüksəldim”.

Hüseynov finalda gürcüstanlı Lekso Xasaya üzərində qələbəsinin sirrini də açıqlayıb:

“Finala çox yaxşı köklənmişdim, döyüşə həvəslə çıxdım. Görüş gərgin alınsa da, tezliklə üstünlüyü ələ aldım. Raundları xeyrimə bitirdim. Məqsədim qızıl medal qazanmaq idi və onu da götürüb, gəlirəm”.

İdmançı, qələbəsini 44 günlük Vətən Müharibəsinin şəhidlərinə həsr etdiyini bildirib:

“Yarışa yollanmazdan öncə də hədəfimin çempionluq olduğunu demişdim. Şükürlər olsun, bunu bacardım. Qələbəmi şəhidlərimizə həsr edirəm. Biz həmişə onlara borcluyuq. Ən böyük zəfəri onlar qazanıblar”.

U-22-lərin Avropa çempionatına 7 boksçu ilə yollanan milli komanda yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button