Avropa çempionatında 4 bürünc medal şansı
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı başlayıb.
Komanda.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Elnar Ziyadov (48 kq) ermənistanlı Liparit Mkrtçyana 6:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ziyadov finalın bir addımlığında gürcüstanlı Yuri Çapidzeyə uduzub – 4:6. Elnar bürünc medal uğrunda Viktor Postika (Moldova) – Yonut Mereuta (Rumıniya) görüşünün qalibiylə güləşəcək.
Ayxan Cavadov (55 kq) israilli David Şevçenko vəalbaniyalı Mikel Tropliniyə 9:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Erekle Tavberidze ilə bacarmayıb – 1:9. Rəqib finala yüksəldiyi üçün Cavadov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Ayxan Qabriele Puçer (İtaliya) – Kais Mebasti (Fransa) qarşılaşmasının qalibiylə güləşəcək.
Murad Zeynalabdinov (65 kq) norveçli Eliyah Neveni (5:0) üstələsə də, 1/8 finalda isveçli Ruben Straakverdə xalların keyfiyyətinə görə (6:6) məğlub olub.
Elmin Əliyev (80 kq) estoniyalı Markus Uhtyaerv (9:0), almaniyalı Anton Buxolz (3:1) və türkiyəli Emir Dayal (8:0) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında macarıstanlı İştvan Şinaya uduzub – 0:9. Əliyev bürünc medal uğrunda güləşəcək.
Mahir Qurbanlı (110 kq) debütdə polşalı Yakub Liseki (5:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Yevgeni Repkinə 1:4 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Qurbanlı təsəlliverici görüşdə slovakiyalı Andreas Kernlə üz-üzə gələcək.
Təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar iyunun 13-də keçiriləcək.
Bizi Facebook-da izləyin