“Avropa çempionatına qədər bir az da artırmaq lazımdır”

Yanvarda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində Ülvü Qənizadə (72 kq) bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Komanda.az xəbər verir ki, keçirdiyi 4 görüşdə 31 xal toplayan yunan-Roma güləşçimiz yaxşı formada olduğunu nümayiş etdirdi. Avropa çempionu Azərbaycan Güləş Federasiyasının saytına müsahibə verib:

– Reytinq turnirinə necə hazırlaşmışdın?
– Bu yarışa hazırlıq səviyyəm yaxşı idi. Yarışın gedişində də özümü yaxşı hiss edirdim. Həm fiziki, həm də taktiki-texniki cəhətdən hazırlıqlı idim. Avropa çempionatına qədər bir az da artırmaq lazımdır.

– Bütün rəqiblərin üzərində böyükhesablı qələbə qazandın. Turnirin sənin üçün belə rahat keçəcəyini gözləyirdin?
– Açığı, yox. Bu, yüksək hazırlıq səviyyəsinin bəhrəsiydi. Psixoloji cəhətdən də yarışa tam hazır idim. Çoxlu fəndlər işlətdim. Bütün görüşlərimdə 4 xallıq fəndim oldu.

– Zaqreb turnirindən sonra Poreçdə təlim-məşq toplanışı keçdiniz. Bu hazırlıq prosesinin önəmi barədə nə deyə bilərsən?
– Belə təlim-məşq toplanışları çox faydalı keçir. Çünki çoxlu sayda sınaqçı rəqiblər (sparrinq) olur. Onlarla işlədikcə formaya düşürsən və gücün daha da artır. Güc və dözümlülük sarıdan artım hiss olunur. Həm də belə toplanışlarda potensial rəqiblərin güclü və zəif tərəflərini öyrənirsən.  

– Avropa çempionatına titulunu qorumaq üçün yollanacaqsan. Əsas rəqiblərindən biri olan Ali Arsalan artıq olimpiya çəkisi olan 77 kq-a keçib. Belədə sənin üçün daha rahat olacağını düşünürsənmi?
– Yox, belə fikirləşmirəm. Ötən il finalda qalib gəldiyim Fransa güləşçisi də yuxarı kateqoriyaya keçib. Ancaq onlardan başqa da ciddi rəqiblərim var. Türkiyə, Ukrayna və Macarıstan güləşçilərini qeyd edə bilərəm. Avropa və dünya çempionatının medalçılarıdırlar. Asan olacağını düşünmürəm. Ancaq özümə də inanıram.

– Ötən il Avropa çempionu olsan da, dünya çempionatıyla erkən vidalaşdın. Sabit uğur qazanmaq üçün nə çatışmır?
– Çox yaxşı sualdır. Bunun üçün ilk növbədə yarışlara psixoloji cəhətdən tam hazır olmalısan. İkincisi, fiziki, taktiki və texniki hazırlıq yüksək səviyyədə olmalıdır.

– Gələn ildən özünü olimpiya çəkisində sınamağı düşünürsən?
– Bəli. 67 kq-da güləşmək istəyirəm. Təəssüf ki, bu il dünya çempionatı olmayacaq. Onu da qeyd edim ki, idmanda qələbə də var, məğlubiyyət də. Əsas insanlığımızı itirməyək. O zaman hər şey qaydasına düşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button