Avropa çempionatı Azərbaycanda keçiriləcək
Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına (CEV EuroVolley Women) ev sahibliyi edəcək.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Ölkəmiz Gürcüstanla birgə keçirdiyi AÇ-2017-dən 9 il sonra yenidən bu hüquqa sahib çıxıb.
Azərbaycan 4 qrupdan birinə ev sahibliyi edəcək. Qarşılaşmalar 2017-ci ildə olduğu kimi yenə Milli Gimnastika Arenasında təşkil olunacaq. Serbiyanın çempion olduğu həmin yarışda Azərbaycan Avropanın ən güclü 4 komandasından biri olub.
2026-cı il yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan 6-sı məhz Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.
CEV prezidenti Aleksandar Boriçiç qitə birinciliyinin yenidən ölkəmizdə keçirilməsi ilə bağlı fikirlərini bölüşüb: “Biz əminik ki, Avropa çempionatı Azərbaycan yığmasının hazırkı üzvləri, eləcə də gənclər üçün böyük stimul olacaq, gələcək nəsil azərbaycanlı oyunçuları ruhlandıracaq. Biz onlarla işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, Azərbaycan Voleybol Federasiyası yarışın yenə yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək”.
Bizi Facebook-da izləyin