“Atacağım addımı hamı gözləyirdi” – Qurban Qurbanov

Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Marsel” matçından sonra ev sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:3 hesabıyla uduzduqları matçı belə şərh edib:

  • Dünən də demişdim ki, riskə gedəcəyik. Əvvəlcədən hardasa gözləyirdim ki, böyükhesablı nəticə olsun. Hər bir halda, fikrim bu komandanın oyun sistemini, oyununu dəyişməkdir. Azərbaycan futbolunda addım atmaq fikrim var ki, daha hücumameyilli, daha aqressiv, daha aktiv oynayıb, meydanın rəqibə aid hissəsində oyun quraq. Futbolçulardan çox razı qaldım. Möhtəşəm oyun sərgilədilər. 0:2-dən sonra bir neçə dəyişiklik etdim, 0:3 və 0:4-ü fikirləşmirdim. İstəyirdim ki, digər futbolçularımız da bu ab-havanı hiss etsin. Saysız-hesabsız epizodlarımız oldu. Sadəcə, ustalıq səviyyəsi fərqlidir. Rəqib 2-3 epizoddan yararlandı. Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm atmosfer idi. Köklü klubların ölkəmizə gəlməsi, bizim onlara qarşı mübarizə aparmağımız futbolumuz üçün böyük təkandır.
  • Feyr-pley epizodunu necə şərh edərdiz? Xorxe Sampaoli dedi ki, Qurban Qurbanovun yerində olsaydım, hakimin fikrini dəyişməyə çalışmazdım…
  • Bundan sonra mənim üçün ən çətin məqamlardan biri olacaq, bu sualı daim cavablandırmaq. Bura gələnə kimi nə qədər soruşublar məndən, bundan sonra da çox müzakirə olunacaq. İstəmərəm ki, bu qədər müzakirə olunsun. Mən də istəmərəm ki, buna hər dəfə cavab verim. İnanmıram ki, azarkeşlər məndən küsər, inciyər. Sırf əsl azərbaycanlı kimi qərar vermək istədim. Ona görə futbolçunu yanıma çağırdım, soruşdum ki, “top əlinə dəydi qol oldu, yoxsa özün əlinlə oynadın?” O da dedi ki, “əllə oynadım, əllə vurdum”. Ədalətli qərar verməyə heç bir çətinlik yoxdur. Sərbəst qərar verdim. Sırf ədalətli, sırf əsl azərbaycanlı kimi qərar verdim. Bu, bura aid olan qərar idi və bunu verdim.
  • Bu günə qədər “Qarabağ”a qarşı ədalətsiz qərarlar çox olub. Həmin ədalətsiz qərarlara layiqli cavab vermiş olduz?
  • Mənim üçün belə qərarlara hər dəfə fikir bildirmək çətindir. İnanın ki, hər zaman üzərimə düşəni layiqli yerinə yetirməyə çalışıram. Bu da elə qərar idi ki, atacağım addımı hamı gözləyirdi. Çalışdım ki, ədalətli olum. Biz heç kimin haqqına girməməyə çalışmışıq. Bizə qarşı olan ədalətsizliklərə qarşı cavab vermək ağlımda da deyildi. Belə oyunlarda gərginlik olur, heç köhnədə olanlar yada düşmür. Görünən bu idi ki, qərarı mən verməliydim. Digər məsələlər keçmişdə qaldı. Bu gün nə lazımdısa, çalışdım ki, onu edim.
  • Tarixi mövsümdə sizi razı salan nə oldu?
  • Ötən ildən daha ümidli olmuşdum. Bu mövsüm avrokuboklarda ilk oyundan riskləri göz önünə alırdım. Sona kimi bundan əl çəkmədim. Daha yaxşı olmaq və gələcəyi daha stabil etmək üçün mütləq bəzi anlarda nəyisə qurban verməlisən. Futbolçularım əvvəlki illərə nisbətən daha da böyüdülər, ürəkli oldular. Bu cür rəqiblərə qarşı bu oyunu oynamaqdan çəkinmədilər. Oyunçulara, klubumuza, mənə, rəhbərliyə, azarkeşlərimizə böyük ümid verdi hər şey. Tam razı qaldım. Bəlkə bu gün 0:3 hesabı bizi aldada bilər. Hesab 0:1 olsaydı, tamam fərqli fikir olardı. Məni də düzgün başa düşün. Bu gün nəyisə qurban verməliyik ki, sabahımız daha yaxşı olsun, bizə inam versin. Futbolçularımın xarakterindən çox razı qaldım. Biz daha yaradıcı olmaq, yaradıcı futbol oynamaq istəyirik. Böyümək üçün mütləq yaradıcı futbolu tətbiq etmək önəmlidir. Ola bilər ki, hansısa oyunda başqa üslub seçək. Torpaqlarımız qayıdana kimi ehtiyatlanırdım. Amma bu gün tam əksinə, həm özüm, həm komandam daha da ürəkli olmuşuq, tam önümüzə baxırıq. Futbolçularımdan razı qaldım, komandada nəyi görmək istəyirdimsə bu mövsüm, onu da gördüm.
  • Bu gün komanda Marseldəki oyunla müqayisədə daha zəif oynadı?
  • Deməzdim ki, zəif oynadıq. 80 dəqiqə bu cür rəqibi daha çox meydanın ona aid hissəsində saxladıq. “Marsel” Fransada fərqli oynayırdı. İlk yarıda 4-lü müdafiədə, 2-ci hissədə 5-li müdafiə ilə oynadılar. Ehtiyatlandıqları görünürdü. Müdafiə olunmağı məharətlə yerinə yetirən komandanın qapısı qarşısında bu qədər epizod yaratmaq… Futbolçularımdan çox razı qaldım. 90 dəqiqə bir komanda bu cür tempdə oynaya bilməz, 0:2-dən sonra 0:3 və ya 0:4 düşüncəsi yox idi. Ona görə istədim digər futbolçular bu atmosferi hiss etsinlər. Görsünlər ki, bu tempdə oynamaq nə deməkdir. Buradakı düşündüyüm, hazırlaşdığım hücumlar daha rahat alındı, nəinki səfərdə. Başlanğıc ola bilər fərqli idi. 0:2-dən sonra müdafiəyə çəkilə bilərdim. Amma futbolçuları o psixologiyaya salmaq istəmədim ki, uduzuruq, müdafiəyə oturaq. Həqiqətən, çox razı qaldım futbolçularımdan. Məşqlərdə necə hazırlaşmışdıqsa, hansı hücumları qurmuşduqsa, oyunda da onları gördüm.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button