Arveladze: “Neftçi” ilə çempion olmaq istəyirəm”
“Neftçi”nin yeni transferi Vato Arveladze “Neftçi TV”yə müsahibə verib.
Komanda.az xəbər verir ki, gürcü futbolçu bunları söyləyib:
“Neftçi”nin futbolçusu olmaq mənim üçün böyük fəxrdir. Çünki “Neftçi” böyük klubdur. Mənə görə, ölkənin ən böyük klubudur. Bu təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim. “Neftçi”nin futbolçusu olmaq mənim üçün böyük fəxr və böyük məsuliyyətdir.
Əlbəttə, atam və əmilərim mənə məsləhətlərini verdilər, amma bura gəlmək qərarını özüm verdim. Bakı çox gözəl şəhərdir. Gözəl insanları var. Onlar burada bir neçə dəfə olublar və sizin ölkəni çox seviblər. Mənə məsləhət olaraq onu da bildirdilər ki, “Neftçi” Azərbaycanın ən böyük klubudur. Onlar da mənim bura gəlməyimə çox sevindilər.
Komandada çoxlu yeni transfer var. Birlikdə bir ailəyə çevrilirik. Komanda yoldaşlarım da çox yaxşıdırlar. Onlar komandaya tez bir zamanda uyğunlaşmağım üçün mənə çox dəstək verirlər. Əsasən də Solomonu qeyd etmək istəyirəm. O mənə məşqlərdə və komanda yoldaşlarımla ünsiyyət qurmaqda çox kömək edir. Ona xüsusi təşəkkürümü bildirirəm. Digər komanda yoldaşlarım da çox yaxşı insanlardır. Biz bir ailə oluruq. Birlikdə oyunlarda qələbələr qazanmağa çalışacağıq.
Əlbəttə, vacib amil odur ki, debüt oyunumda qələbə qazana bildik. Düzdür, ikinci matçda məğlub olduq. Amma düşünürəm ki, bu, elə böyük problem deyil. Çempionat öz axarı ilə irəliləyir. Qarşıda çoxlu oyunlar var. Mən matçdan matça daha da yaxşı oynayacağam. Çünki bir neçə ay idi ki, meydana çıxmırdım. Performansımı günbəgün yaxşılaşdıracağam. Birlikdə qələbələr qazanacağıq.
Komanda ilə birlikdə ölkə çempionu tituluna yiyələnmək, azarkeşləri sevindirmək istəyirəm. Təbii ki, bir futbolçu kimi bacardığım qədər yaxşı oyun nümayiş etdirmək niyyətindəyəm. Uzun müddətdir öz oyunumu göstərmirəm. Bir daha sübut etmək istəyirəm ki, yüksək səviyyədə oyun nümayiş etdirə bilərəm.
Futbolu sevirəm. “Neftçi”nin heyətində oyunlar keçirməyi səbirsizliklə gözləyirəm. Əvvəlcə onu bildirmək istəyirəm ki, “Neftçi” azarkeşlərinin çox yaxşı olduğunu eşitmişəm. Sözün yaxşı mənasında dəlisovdurlar. Onlara demək istəyirəm ki, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam və ürəklə oynayacağam. Davamında görərik nə olur. Bu, futboldur. Öz oyunumu göstərib qollar vurmağa çalışacağam”.
Bizi Facebook-da izləyin