“Araz Naxçıvan”da braziliyalı oyunçu

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz Naxçıvan” braziliyalı futbolçu ilə anlaşıb.

Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu Alisson Damasceno Masiel (Kadinyo) ilə müqavilə bağlayıb.

Cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. Bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz Naxçıvan”ın keçmiş oyunçusu Biro Jadedir.

Kadinyo Braziliyada ESMAC və “Quarani” klublarında çıxış etdikdən sonra İspaniya təmsilçisi “Ribera Navarra”ya keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/2023 mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb.

“Araz Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button