Ançelotti və Benzema tarixə düşdü
İspaniyanın “Real” komandasının baş məşqçisi Karlo Ançelotti UEFA superkubokunda yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, bu, onun komandasının ötən gecə Almaniyanın “Ayntraxt” komandası üzərindəki 2:0 hesablı qələbəsi sayəsində reallaşıb.
Nəticədə Ançelotti karyerasında 4-cü dəfə UEFA superkubokunun qalibi olub. Bu, rekord göstəricidir. 63 yaşlı çalışdırıcı bu turnirdə 3 qələbəsi olan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı geridə qoyub.
Ançelotti daha əvvəl “Milan”la 2 dəfə (2003, 2007), “Real”la isə 1 dəfə (2014) UEFA superkubokunun qalibi olmuşdu. İtaliyalı mütəxəssis UEFA Çempionlar Liqasında da ən çox (4 dəfə) zəfər qazanan məşqçidir.
“Ayntraxt”la oyun “Real”ın hücumçusu Kərim Benzema üçün də əlamətdar olub. Bu matçda komandasının ikinci qolunu vuran fransalı hücumçu Madrid təmsilçisinin heyətindəki qollarının sayını 324-ə çatdırıb. Bununla da o, 323 qol vurmuş əfsanəvi hücumçu Raulu geridə qoyub. Hazırda Benzema “Real”ın ən çox qol vuran ikinci futbolçusudur. O, yalnız 450 qol vurmuş Kristiano Ronaldodan geri qalır.
Bizi Facebook-da izləyin