AMADA-nın təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Fevralın 21-23-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Komanda.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə Yay Olimpiya Oyunları ərəfəsində baş tutacaq konfransda Avropanın aparıcı milli antidopinq agentliklərinin rəhbər və əməkdaşları, nüfuzlu ali təhsil ocaqlarının professorları və yerli idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Konfransın açılış mərasimi fevralın 21-də ASAPES-in akt zalında təşkil olunacaq. Müxtəlif sessiyalar üzrə davam edəcək konfransda təmiz idmanın təkmilləşdirilməsi, müxtəlif yanaşmalar, Ümumdünya Antidopinq Agentliyinin (WADA) təlimatları çərçivəsində idmançıların tənəffüs sistemi sağlamlığının idarə edilməsi, bağırsaq sağlamlığı və idman performansı mövzusunda müzakirələr aparılacaq. Konfrasda idmançıların köməkçi heyətinin iştirakı nəzərdə tutulub.

Fevralın 23-də konfrans işini Qubada “Arena Grand Hotel”də davam etdirəcək. Beynəlxalq səviyyəli idmançıların iştirak edəcəyi konfransın sessiyalarında təmiz idman mədəniyyətinin inkişafı, qadın idmançılar arasında dopinq probleminə baxış və yerli idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi müzakirə mövzuları sırasında yer alacaq.

Həmçinin fevralın 22-də Qubada qonaqlar üçün mədəni proqram təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button