AMADA-dan silsilə tədbirlər

Aprelin 8-i bütün dünyada Ədalətli İdman Günü kimi qeyd edilir.

Komanda.az xəbər verir ki, ölkədə idmanda ədalət prinsipinin və təmiz idman dəyərlərinin qorunmasından məsul qurum olan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) aprel ayının ilk həftəsini ədalətli idman həftəsi elan edib.

Bu çərçivədə AMADA tərəfindən Ədalətli İdman Gününə həsr olunmuş, təmiz idman dəyərlərini təbliğ edən silsilə tədbirlər həyata keçirlib. Ədalətli İdman həftəsinə AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədri, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyevin idman ictimaiyyətinə “8 aprel günündə həmrəy olaq, çünki bizə ədalətli qələbələr yaraşır” müraciəti ilə start verilib. “Ədalətli yarış – təmiz qələbə” şüarı altında keçirilən Ədalətli İdman Həftəsində ölkədə fəaliyyət göstərən idman federasiyaları və təşkilatları fəal iştirak edib, müxtəlif idman növlərini əhatə edən tədbirlər keçirilib.

Milli Paralimpiya Komitəsi, Peşəkar Futbol Liqası, Azərbaycan Voleybol Federasiyası, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Atletika Federasiyası AMADA-nın təmiz idman həftəsi təşəbbüsünə qoşularaq idmanda ədalət prinsipinin təbliğinə öz töhfəsini verib. Futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarında (“Qarabağ” – “Səbail”, “Qəbələ” – “Zirə”) futbolçular əllərində “Play true day” (Ədalətli İdman Günü) və “Ədalətli yarış – təmiz qələbə” şüarları ilə meydana çıxıb. Bundan əlavə, voleybol üzrə Azərbaycan çempionatı Yüksək Liqa (kişilər) “Neftçi” – “Murov” və Super Liqa (qadınlar) “Murov” – “Azərreyl” oyunlarında da idmançılar həmin şüarlarla və Ədalətli İdman Gününü təbliğ edən geyimlərdə meydana çıxıblar. Həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının dağ velosipedi üzrə açıq çempionatında da Ədalətli İdman Günü xüsusi şəkildə qeyd edilmişdir. Yarışda idmançılar hamısı bu günün əhəmiyyətinə uyğun olaraq xüsusi geyimlərdə yarışıblar. Eyni zamanda, Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Atletika Federasiyasının idmançıları da ədalətli idman günün təbliğində fəal iştirak edib. Həyata keçirilən tədbirlər əsasında və idmançıların iştirakı ilə AMADA tərəfindən xüsusi videoçarx da hazırlanıb.

AMADA Ədalətli İdman Gününü geniş və yüksək səviyyədə qeyd edilməsinə hər zaman xüsusi əhəmiyyət verir. Çünki Azərbaycan bütün sahələrdə olduğu kimi idmanda da ədalətin tərəfdarıdır və hər zaman təmiz idman dəyərlərinə sadiq ölkədir. Ədalətli idman həftəsi çərçivəsində keçirilən bütün tədbirlərdə idmanda ədalət prinsipinin əhəmiyyəti və təmiz idman dəyərlərinin qorunması geniş təbliğ edilib. Həftə ərzində AMADA-nın sosial şəbəkələrdəki hesablarında bununla bağlı ardıcıl paylaşımlar edilib və ədalətli idman gününün əhəmiyyəti geniş izləyici kütləsinə çatdırılıb. Məqsəd dürüstlük, rəqibə və qaydalara hörmət, sağlam rəqabət kimi dəyərlərin geniş idman ictimaiyyəti arasında yayılmasıdır. AMADA təmiz idman həftəsində aktiv iştirak edərək ədalətli idmana töhfə verən bütün idman qurumlarına və idmançılara təşəkkürünü bildirib.

Xatırladaq ki, Ədalətli İdman Günü təşəbbüsü ilk dəfə 2013-cü il aprelin 10-da Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə keçirilən ÜADA-nın təhsil konfransında irəli sürülüb. Daha sonra isə bu təşəbbüs qlobal çağırışa çevrlilib və bütün dünyada geniş qeyd edilib. ÜADA-nın qərarı ilə Ədalətli İdman Günü bu il ilk dəfə olaraq 8 apreldə “Sülh naminə ədalətli idman günü ” şüarı altında qeyd edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button