Ahmedov “Neftçi”yə keçidindən danışdı

“Neftçi”nin ÇSKA-dan (Sofiya) icarəyə götürdüyü hücumçu Ahmed Ahmedov klub televiziyasına açıqlama verib.

Komanda.az xəbər verir ki, 25 yaşlı bolqar futbolçu yeni komandası barədə yüksək fikirdə olduğunu bildirib:

“Neftçi” böyük klubdur. Bu komandada daha yüksək nailiyyətlər qazanacağımıza ümidvaram. Bu klubda oynayacağım üçün çox xoşbəxtəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, xeyirlisi olacaq və mövsümün sonunda çempionluq əldə edəcəyik”.

Ahmedov daha çox hücumda və bəzən hücumçuların arxasında çıxış etdiyini diqqətə çatdırıb. O, mərkəz hücumçusu kimi özünü daha yaxşı hiss etdiyini vurğulayıb. Yeni transfer hələ forma nömrəsi seçmədiyini də əlavə edib. O, kapitan Emin Mahmudova məxsus 8, hazırda boşda olan 9 və 23 nömrəli formalarda çıxış etməyi çox sevdiyini bildirib.

Hazırda Bolqarıstanda olan Ahmedov Bakıya gələn həftə gələcəyinə ümid etdiyini deyib: “Bu, sənədləşmə işlərinin tamamlanacağı vaxtdan asılıdır. Ən qısa zamanda yeni komandama qoşulacağam”.

Forvard “Neftçi”nin fevralın 13-də lider “Qarabağ”la Azərbaycan Premyer Liqasının 15-ci tur matçını buraxacaq. Bununla belə, Ahmedov yeni klubunda çempionluğu hədəflədiyini vurğulayıb: “Çox danışmağı sevmirəm. İnanıram ki, klubum səfər oyunundan qalib ayrılacaq və mövsümün sonunda qızıl medal qazanacağıq. Uğurlu olmağa çalışacağam”.

Hücumçu “Neftçi”yə keçidinin çox qısa müddətdə gerçəkləşdiyini də diqqətə çatdırıb: “Fevralın 9-da ÇSKA rəsmiləri ilə bir araya gəldik. Hər şey qısa müddətdə həll olundu. Klublar öz aralarında anlaşdıqlarından, mənim üçün də razılıq vermək çətin olmadı. Transferimə ÇSKA-nın prezidenti razılıq verdi. “Neftçi”nin prezidenti ilə də danışdıq və məsələ qısa müddətdə həllini tapdı. Başqa klubların mənimlə maraqlanıb-maraqlanmadıqları önəmli deyil. Əsas məsələ odur ki, artıq “Neftçi”dəyəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button