Aftandil Hacıyev: “Rəhbərlik mənə yeni müqavilə təklif edib”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:4 hesablıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Rəqib təcrübə baxımından bizdən üstün idi. Müəyyən itkilərimiz var idi. Bilirdik ki, çətin oyun olacaq. Hər iki hissədə oyuna diqtə edən “Qarabağ” idi. “Qarabağ”ı da təbrik edirəm. Hər iki komandaya təbrik düşür. Çempionat boyu çox əziyyət çəkdi futbolçular.
- Maykl Essyen futbolçu karyerasında stopper kimi oynamışdı?
- Bəli, özüylə də bu haqda danışmışdım. Bu mövqenin ona yad olmadığını demişdi. Bu mövqedəki təcrübəsinə görə onu sınadım. Müəyyən səhvləri vardı ki, bu da normaldı. Həm yaş həddi, həm də bir il oynamamaq məsələsi var.
- Onu gələcəkdə də bu mövqedə oynatmaq fikriniz var?
- O, universal futbolçudur. Bunu zaman göstərəcək.
- Növbəti mövsümdə də postunuzda qalacaqsız?
- Bu barədə rəhbərliklə danışığımız olub. Onlar bunu mənə təklif ediblər, amma ətraflı danışığımız hələ ki, olmayıb.
- Yəqin ki, ən problemli mövqe qapıdı…
- Təbii ki, əsas qapıçımızın zədələnməsi bizə çətinlik yaratdı. Mövsümün əvvəlində Fərhad Vəliyevi ehtiyat qapıçı kimi sifariş etmişdik. Elxan Məmmədov çox forma geyinmir deyə, istədiyi kimi çıxış edə bilmədi.
- Baş məşqçi kimi ilk mövsümünüzdə medal qazandız. Çempionatın əvvəlində bu nəticəni gözləyirdiz?
- Əlbəttə, müəyyən inam vardı. Heyətə cəlb etdiyimiz futbolçulara inanırdım. Mövsüm boyu müəyyən çətinlik yaşadıq. Amma xoş haldır ki, uğur əldə etməyə nail olduq.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin