“AEK-dən real təklif var idi, ancaq “yox” dedim” – Mahir Mədətov
Azərbaycan Premyer Liqasının 25-ci turunda “Keşlə”ni 3:0 hesabı ilə məğlub edən “Qarabağ”ın hücumçusu Mahir Mədətov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu öncə oyunla bağlı danışıb:
- Çempionatın sonlarıdı. Oyundan oyuna daha yorğun oluruq, ağırlaşır. Qarşıda kubok matçları da var.
- Penalti epizodu ilə bağlı nə deyə bilərsən?
- Ayağıma vurdu. Təmas var idi. Düşünürəm ki, penalti idi.
- Çempionluq yolunda “Qarabağ”ı şanslı görürsən, yoxsa “Neftçi”ni?
- Mən öz komandama hər zaman inanmışam. Bu üstünülüyü sona qədər qoruyacağımıza inanıram. Bunun üçün vuruşacağıq, çalışacağıq. Əsas odu ki, əlimizdən gələni edək. Vicdanımız təmiz olmalıdı ki, var gücümüzü ortaya qoyaq.
- Son zamanlar çox təndiq olunursan…
- Fikir vermirəm. Kimlərin tənqidini nəzərdə tutursuz? Əvvəl təsir edirdi. Sonradan sosial şəbəkələri izləməməyə başladım. Kim məni tənqid edir və ya haqqımda danışır, maraqlanmıram. Əsas olan məşqçilərimin fikridi.
- Oyununda inkişaf olduğunu düşünürsən?
- Belə deyim, qol vurmadığım üçün tənqid olunurdum. Belə düşünürəm. Hücum xəttinin oyunçususansa, irəli xəttdə kreativlik yaratmalısan. Mənə bir futbolçu adı deyin ki, heç vaxt top itirməyib. Ronaldo da, Messi də top itkilərinə yol verir. Sadəcə, üzərində çalışırsan ki, bir az kreativlik olsun. Sonda elə olur ki, istəməsən də, top itkiləri olur.
- Səndə kreativlik nə dərəcədə alınır?
- Məncə, pis alınmır (gülür).
- Mövsüm başa çatdıqdan sonra Türkiyə Super Liqasına yollanacağın barədə dedi-qodular yayılıb. Bir müddət İtaliyaya da gedəcəyin danışılırdı. Təklif almısan?
- Təkliflər barədə mən də eşidirəm. Ancaq bu haqda baş məşqçi və agentim mənə demir. Özüm də istəmirəm ki, mənə desinlər. Çempionatın sonudu, komandaya köklənmişəm. Mayda qərar verərik.
- Yunanıstan Super Liqa təmsilçisi AEK-dən təklif almışdın. Orada oynamağın alınar?
- Yunanıstan Super Liqasını izləməmişəm. Bəzən avrokuboklardakı oyunlarına baxmışam. AEK-dən real təklif var idi. Dediyim kimi, indi bu barədə düşünmürəm.
- Legioner həyatı yaşamaq vaxtının yetişdiyini düşünmürsən?
- Mən də çox istəyirəm ki, Avropada özümü göstərim. Buna qərar verəcək tək mən deyiləm. Üzərimdə əziyyəti olan şəxslər çoxdu. Xüsusilə də “Qarabağ”dan Qurban müəllim. Atacağım addımda onlarla məsləhətləşəcəm, nə desələr, o olacaq.
- AEK-dən təklif alanda Qurban Qurbanovun fikri necə oldu?
- Həmin təklif “Neftçi” ilə oyuna 3 gün qalmış gəlmişdi. Qəti cavabım “yox” oldu. Fikrim komandada idi. Bizim üçün ağır il oldu.
- “Neftçi”yə ismarıc göndərmək istəyirsən?
- Onlara uğurlar arzu edirəm.
- “Keşlə”nin qapıçısı Şahin Zəkiyev səninlə toqquşmadan sonra xəstəxanaya aparıldı. Onun yanına getmək fikrin var?
- Tərlan Quliyevdən nömrəsini götürdüm. Özünə də yaxınlaşıb üzr istədim. Bilərəkdən olmadı. Zərbə endirəndə dizim burnuna dəydi. İmkan tapıb yanına gedəcəm.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin