AÇ-də uğur qazanan yığma üzvləri ilə görüş keçirildi
Gənclər və İdman Nazirliyində Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan yığmasının üzvləri ilə görüş keçirilib.
Komanda.az xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi Nağı Səfərov, milli komandanın baş məşqçisi Vaqif Şirinov və böyük məşqçi Nəriman Abdullayev iştirak ediblər.
Komandamızı yarışda qazanılan qələbə münasibətilə təbrik edən İ.İsmayılov millimizin əldə etdiyi uğuru yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan idmançılarının qələbələri bir-birini əvəz edir və bu da hamını sevindirir.
Ardınca çıxış edən N.Səfərov öncə tədbir iştirakçılarını İlaxır çərşənbə günü münasibətilə təbrik edib: “Müqəddəs bir gündə görüşürük. Hər birinizi Novruz bayramı münasibətilə təbrik edirəm. Avropanın ən güclü yığmaları Rusiya və Ukraynadır. Biz onlarla rəqabət aparırıq. Nəticə və idmançılarımızın çıxışı qənaətbəxş oldu”.
O qeyd edib ki, medallarımızın sayı və əyarı daha yüksək ola bilərdi: “Ancaq hakimlərdən narazı qaldıq. Təəssüf ki, hazırda boksda etiraz etmək mümkün deyil. Amma növbəti dünya çempionatında bu problemin aradan qaldırılması planlaşdırılır. Yarışda videotəkrar sisteminin tətbiq olunması da gözlənilir. Bizim uduzduğumuz döyüşlərdə eyni hakimlər yer almışdı. Onların da başında erməni əsilli referi dururdu. Məsələn, Rüfət Hüseynovun döyüşünə baxsaq, boksçumuz qələbə qazanmışdı. Lakin üstünlük rəqibə verildi və o, növbəti mərhələyə adladı. Bütün bunlarla bağlı AIBA-ya şikayət məktubu ünvanlamışıq”.
Yığmamızın böyük məşqçisi Nəriman Abdullayev bəzi görüşlərdə hakimlərin ədalətsizlik qərarları ilə üzləşdiklərini vurğulayıb: “Hakimlərin bəzi ədalətsiz qərarları olsa da, nəticədən razıyıq. Bu gənclərin inkişafı üçün önəmli turnir oldu. 7 məğlubiyyətimizdən 6-da rəqib 3:2 hesabı ilə qələbə qazanıb. Bu hesabın özü də hər şeyi deyir”.
Baş məşqçi Vaqif Şirinov da nəticənin qənaətbəxş olduğunu söyləyib. O da vurğulayıb ki, hakimlərin bəzi ədalətsiz qərarları olsa da, nəticədən razı qalıb: “Bu, gənclərin inkişafı üçün önəmli turnir idi. Gələcəkdə əsas yığmanın heyətinin 50 faizi dəyişəcək, yeni adlar olacaq. Bu gün heyətdə yer alanlar gələcəkdə əsas komandanı təşkil edəcəklər. Çempionat göstərdi ki, düzgün yoldayıq”.
Qeyd edək ki, boksçularımızdan Məhəmməd Abdullayev (+91 kq) qızıl, Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) bürünc medala yiyələnib.
Bizi Facebook-da izləyin