AÇ: Azərbaycanın üç güləşçisi finalda uduzdu
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə mübarizəyə start verilmişdi ki, bu gün həmin çəki dərəcələrində həlledici görüşlər baş tutub.
Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan qoşulub və bolqarıstanlı Stefan Qriqorova elə ilk hissədə tam üstünlüklə qalib gəlib – 9:0. Əzizli yarımfinalda rumıniyalı Denis Mihayı da vaxtından əvvəl məğlub edərək 3-cü dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. Millimizin kapitanı finalda türkiyəli Adem Burak Uzuna 3:11 hesabıyla məğlub olub və qitə birinciliyini gümüş medalla başa vurub.
Taleh Məmmədov (63 kq) da mübarizəyə 1/4 finaldan start verib və italiyalı Yakopo Sandronu 4:1 hesabıyla məyus edib. Məmmədov yarımfinalda ermənistanlı Qraçya Poqosyana növbəti dəfə qalib (5:1) gələrək ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Taleh həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə üz-üzə gəlib və rəqibinə 1:5 hesabıyla məğlub olaraq növbəti dəfə qitə birinciliyinin gümüş medalını qazanıb.
Sənan Süleymanov (77 kq) 1/8 finalda macarıstanlı Joltan Levaya müqavimət göstərə bilməyib – 0:8.
İslam Abbasov (87 kq) təsnifat mərhələsində fransalı Turpal Maqamadov tam üstünlüklə qalib gəlib – 9:0. Avropa çempionatının gümüş medalçısı 1/8 finalda ispaniyalı Daniel Erreronu da eyni hesabla üstələyib. Ancaq 1/4 finalda türkiyəli Ali Cengizə sonuncu xal (1:1) prinsipinə əsasən uduzub. Rəqib finala yüksəldiyi üçün Abbasov bürünc medal uğrunda gürcüstanlı Laşa Qobadzeylə qarşılaşıb və 0:3 hesabıyla məğlub olub.
Sabah Şəriəti (130 kq) 1/8 finalda macarıstanlı Dariuş Viteklə gərgin keçən mübarizədə sevinən tərəf olub – 5:4. Təmsilçimiz 1/4 finalda rumıniyalı Avropa çempionu və dünya üçüncüsü Alin Kiurariu üzərində inamlı qələbə qazanıb – 9:3. Şəriəti yarımfinalda gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə (1:1) əsasən qalib gələrək ilk dəfə Avropa çempionatına finalına adlayıb. Həlledici görüşdə milli üzvü 3 qat olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Rıza Kayaalpla güləşib. Türkiyəli rəqibinə minimal fərqlə (1:2) uduzan Sabah Avropa ikincisi olub.
Bizi Facebook-da izləyin